III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq gedir

 

Mədəniyyət və Turizm Nazirliyində Forumun təşkilat komitəsinin iclası keçirilib

 

Məlum olduğu kimi, 18-19 may tarixində Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

 

Mədəniyyətlərarası dialoqla bağlı Bakı prosesinin əsası 2008-ci ilin dekabrında paytaxtımızda Avropa Şurası ölkələri və bir sıra müsəlman dövlətlərinin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransla qoyulub. Həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoqla bağlı Bakı prosesi təşəbbüsünü irəli sürüb. 2010-cu il sentyabrın 23-də dövlət başçısı BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycanın mədəniyyətlərarası dialoq üzrə Dünya Forumuna ev sahibliyi etmək niyyətini bəyan edib. 2011-ci ilin 7-9 aprelində Bakı I Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, 2013-cü il 30 may - 1 iyun tarixlərində isə II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib.

Fevralın 13-də Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilat komitəsinin iclası keçirilib.

İclasda tədbirin proqramı, dəvət olunacaq qonaqların tərkibi və gündəlikdə nəzərdə tutulan məsələlər müzakirə mövzusu olub.

Forumun, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçiriləcəyini diqqətə çatdıran nazir bu il ilk dəfə olaraq tərəfdaş qurumların - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı rəhbərlərinin imzası ilə dəvət məktublarının göndərildiyini qeyd edib. Bildirilib ki, Forumda 1000-ə yaxın xarici rəsmi nümayəndənin iştirak edəcəyi gözlənilir.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Forumun təşkilat komitəsinin katibi Vasif Eyvazzadə məruzə ilə çıxış edərək tədbirə hazırlıq işləri, proqramda nəzərdə tutulan məsələlər, gündəlikdə müzakirə olunacaq mövzular, beynəlxalq qurumların təklifləri barədə geniş məlumat verib. İclas təşkilat komitəsi üzvlərinin mövzu ətrafında müzakirələri ilə davam edib.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 3.