...Fikrət simfonizmi -

 

ornamental taktlar vulkanizmi, tufanöncəsi dərya, yazağzı çaylar əzmi!..

 

Belə dəmlərdə qələm də bir mizrab...

Amma bir həftədir kökləndiyim bu sevgili iztirabı çala bilmir bu mizrab...

Bu bütün gələcəklər sənətkarı haqda ötən yazılarımın birindəki “ümumbəşər fitrətli, dünya şöhrətli Fikrət” kimi deyimlərim də cari yanğıma qanıq vermir...

Bir az öncə dinlədiyim simfonikŞurunun polifonik koloritiki, ürəyimi yaman vurub...

 

Bu adam bir vaxtlar (1960-larda) həmin bu ecazkar simfonik muğamı ilə dünyanın baş inkişaf ölkəsini və oranın ultra-intellekt jurnalistlərini belə mat-məəttəl qoyubsa, bəndəniz nə karədir - “müşkili-asan” eyləyə?..

ellinizin bu poetik izharı ardıyca yadellilərin publisistik etiraflarından biriylə tanış olun: “Bu möhtəşəm simfonik muğamı dinlədikcə, bizim hələ çox cavan Amerika salonumuz qocaman Şərq xəyalatına dalmışdı...”

Bu kiçicik ağırlama-uğurlamanın ardıyca isə müxtəsərcə bir -

 

Nağıllama...

 

Amma göylərindən üç alma düşənlərdən xeyli fərqli - hər nemətdən uca sənətin xoca təsir-təşviqilə - “ağıllama”. Belə ki, bu dünyanın nəğməsiz dəqiqələri, nəqaratsız saatları, urvatsız günləri də varmış. Bu aləm mayə-qayəsində heç bir xoş not, nuş ovqat olmayan olaylardan da xali deyilmiş. Kii... onlardan bir girlisi mənim bu fikri-zikri Fikrət maraqlı həftəmin marığına yatıbmış. İkinci nəvəmin “Doğum haqqında şəhadətnamə”sini ala “bilməməyimiz”lə ilgiliydi ilişiyim. Ancaq, sən demə, bu heynidə yaddaşım da öz işində imiş; məni ruhdan salıb, bu yazı işimə mane olan o minor səbəb-sənədin vaxt-ovqat qonşuluğunda könlümü büsbütün dirçəldəsi major bir səbəb-sənət “retrosu da doğulmaqdaymış. Bunun müəllifi isə birinci nəvəm!

Bəli, üç il öncə - dünyanın nəhəng musiqi sənəti dəryasına ən qıjov bir çay, zövqlər səltənətinə ən əntiq bir pay Fikrətimizin olum gününün axşamı Az.TV-nin “Mədəniyyət” kanalında “Azərbaycan kapriççiosu” gurlayır. Üç yaşının tamamına addımlamaqda olan bu uşaq isə öz tankuğunnusunu darısqal otağımızın döşəməsi boyunca uğuldatmaqda. İlahi-tonal sədaların köpürdüyü, şimşək-ildırımi taktların kulminasiyalandığı anlarda buyepyeşil əsgər” özQarabağ savaşına hazırlıq fəaliyyəti”nə ara verib, ekrana diqqət kəsilir. Anasına təbəssüm, mənə - gah məlum, gah da məchul, atasına sual dolu baxışlarla nəzər yetirib, yekə-yekə kişilənməyə, əkə-əkə nəşələnməyə başlayır. Atası: “Hə, Atilla, kapriççio!” - deyib, tamam yad və tələffüzcə çox çətin sonuncu kəlməni bir neçə kərə təkrar edir. Və... efirdən gələn ecazkar musiqi sədalarından, atasının hiss-həyəcan dolu nidalarından vəcdə gələrək daşıb-köpürən uşaq o termini belə ifadələyir: “Köprüçço!”

Yadıma düşübən düşüncələrimi öz ladına salan “nağıllamam” bitdi və göydən... bu yazı üçün gözaltıladığım (əslində şüuraltıladığım) üç yarımbaşlığın ikincisi düşdü:

 

Əbədi seviləsi “Sevil”dəki...

 

Öncə deyim ki, yaşı min illərlə ölçülən bu qəlb sənətinin, könül sərvətinin - uşaq cismini belə təlatümə gətirən bu növbəti Azərbaycan nümunəsinin o körpənin çaş-başlı dilində məhz bu sayaq tələffüzü (görəsən, təsadüfənmi?!) məni bütün problem-varımdan yox elədi, “yazım-yazmayım” istixarələrimdən isə var...

bu yazımın “girişi ki belə başladı - böyük bəstəkarın milyonlarla nəvə-nəticələrindən biriylə ilgili alındı - gərəkdir ki, sözün-söhbətin bundan beləki yönünü elə sağlığındaykən ululaşmağa başlamış bu ustadın - yeribehiştlik sənət babamızın uşaqlıq çağlarına sarı çevirək.

Hə, sənət-sənətkarlıq sinni baxımından yanaşsaq, 29-30 yaşlı bu dahi uşağın “Sevil”dəki: “Balama qurban alçalar - balam haçan əl çalar, Balama qurban inəklər - balamvaxt iməklər” kimi həyati-bayati “əlifba”yi simfoniyası onun bütöv bir era-yaradıcılığının əzəl-ibtida mübtədaları, total epiloqunun uvertür proloqu idi. Bu daim olu nəğməkar əbədi olu-ulu Cəfər Cabbarlının bütün gələcəklərdə də əl çalınası qələm qənimətlərindən birinə partitura əbədiyyəti də bəxş etdi! Hələ çox əmin bir gümanla bunu da qeyd edim ki, Cəfər Bakıda bu ecazkar xalq yaradıcılığı tablosuna karandaş çalarkən, həmin əsərdə öyülənlər yaşda olan Fikrət də bunları Gəncədə müşahidə-yaddaş partiturasına alırmış...

...Elə bu böyük sənət xassəli göylərdən düşəsi növbəti yarımbaşlıq isə, qəzeti-həcm “maddə”sinə rəğmən, bir qədər dilemmatik:

 

Qaş ilə göz arası”...

 

Yəni, öz irsi ilə dünya durduqca durası bu sənətkarımızın cismcə olumundan-ölümünədək mikro-xülasə.

Axır-uxuru (bunu axirət kimioxumaq mümkün) çox böyük, qüdrətli nəticələrə gedib çıxası bu əməllər sahibinin bio-təməli 1922-ci il noyabrın 22-də qoyulmuşdu. Dövrünün məşhur sənətçilərindən olan Məşədi Cəmilin adi evində, sadə ailəsində baxışlarından od saçan, qırımından qeyri-adilik yağan bir oğlanın doğulduğu gündən başlamışdı. Orta məktəbdəki “istedadlı dəcəllik”, fəhm-fərasət bioqrafiyası bir ayrı söhbətin mövzusu olan bu oğlan 20 yaşında Gəncə Filarmoniyasının, 23-ündə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri kimi - “sinninə natab, zehninə bab” vəzifələrə layiq görülmüşdür. Camaat ali, bəzən də orta vəzifələrə ali məktəb bitirəndən sonra irəli çəkilirkən, Fikrət, əksinə - Bakı Konservatoriyasında ali təhsilə belə vəzifələrdən keçib getmişdi. Sonralar “...bütöv bir xalqdır!” epitetilə dəyərləndirəcəyi Üzeyir Hacıbəylinin və Boris Zeydmanın siniflərində dərs aldığı bu məktəbi 1948-ci ildə bitirmiş bu “cavankən qoca” tələbə o çağadək artıq əsl ustad nominasiyası ilə qiymətləndiriləsi əsərlər bəstələmişdi.

Üç il (1956-1959) direktoru olduğu Azərbaycan Dövlət OperaBalet Teatrında sənətin ali sirlərini də öyrənib-öyrədən bəstəkar bundan sonra rəsmi işlərdən, sənəd vəzifələrindən uzaqlaşıb, özünü büsbütün sənət vəzifələrinə həsr edir. Ucqar Bakısında doğma, “kəndçi” notlarla əlləşən buperiferik” gənc dünyanın böyük mərkəzlərilə vuruşa, nəhəng bəstəkarları ilə yarışa, əlləri sehr çubuqlu azman dirijorları ilə döyüşə hazırlaşırdı. Amerika, Almaniya, Fransa, Rusiya kimi siyasət derjavalarında isə Stokolovski, Abendrot, Müns, Rojdestvenski kimi sənət bahadırları özlərini “Fikrət Əmirov epoxası”na, “Əmirov zəlzələsi”nə, “Şur” təlatümü”nə, “Kürd ovşarı” arxeologiyası”na, “Gülüstan Bayatı-Şiraz” ekzotika-ekologiyası”na hazırlayırdılar.

Adları qeyd olunan dahiyanə simfonik-muğam triosu ilə bu janrın bünövrəsini qoymuş dahi bəstəkar hələ vur-tut otuz bir yaşında ikən yazdığı “Sevil” operası ilə milli lirik-psixoloji opera janının banisi idi. 1953-cü ildə OperaBalet Teatrında tamaşaya qoyulanSevilbütöv bir onilliyin hadisəsi olmaqla bərabər, sonrakı dövrlərin də dilindən düşməyən sənət nümunəsi kimi qiymətləndirilməkdədir.

Ölməz sənətkarın həmin əsərlərilə son iri işlərindən olanMin bir gecə”, “Nəsimi” baletləri məsafəsi arasında onlarca gözəl nümunələr var ki, hər biri haqda saatlarla danışmaq, səhifələrlə yazmaq olar. Yəqin bax elə bu anNizami” simfoniyasındakı ağırbatman taktları, “Azərbaycan süitası”nı, “Azərbaycan qravürləri”ni ürəkdolusu, zövq doyusuyla, xatırladınız. “Gözün aydın”, “Ürəkçalanlar” kimi duzlu-məzəli komedik musiqilərini yad edib, təbəssümləndiniz. Bəs, özünəməxsus sənətkar dəst-xəttilə yazdığı instrumental, kamera-vokal əsərlərini - “Fortepiano üçün 12 miniatür”, “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm - gülsən”, “Reyhan”, “De görüm, neyləmişəm”, “Toykimi romans və mahnılarını, neçə-neçə pyes-prelüdlərini, dram-tamaşalarına, kinofilmlərə (“Səhər”, “Böyük dayaq”, “Mən ki gözəl deyildim”) yazdığı lirik, dinamik, dramatik musiqiləri necə? Onları da anıb, özünüzü “Nəğmə üfüqləri” qoynunda sandınızmı?..

Onun söz, məqalə, kitab yaradıcılığından xəbərdar olanlar da az deyil, məncə. Sözün zərif çalarları, üslubu, deyim tərzi, təsvir, dil obrazlılığı da musiqisi kimi aydın, dərin, maraqlı, mənalı məqalələrini, kitablarını deyirəm. OnunMusiqi düşüncələri” kitabı bir qəlbin duyğu-duyurmalarından çox, bir xalqın intellektual sənət hekayətini xatırladır. O düşüncələr oxucu gözləri önündə bənzərsiz folklorumuzdakı “sazla deyilənlər”in sözlə ifadəsi kimi canlanır. Bitkin fəsillər, yetkin sərlövhələrlə müşayiət olunan o düşüncələr “sənət və sənətkar”, “mədəniyyət və əbədiyyət”, “uzaqgörənlik və qədirbilənlik”, “əzmkarlıq və təvazökarlıq” kimi fəlsəfi sinonimlərin böyük sənətin mənəvi məbədi qarşısında qoşa and, əngin səma-fəzasında qoşa qanad olması zərurətini vurğulayıb, doğrulayır. O düşüncələr bizim xalq üçün o qədər də tanış olmayan böyük bəşəri musiqi janrlarının adcayad”, dadca doğma olması frazalarını, böyük musiqiçi isimlərimizin mükəmməl obrazlarını yaradır...

...Onun telekanallarda ara-sıra nümayiş etdirilən epizodlarda xoş duyğular doğuran hərəkətləri, baxışları, heç kəsə bənzəməyən jestlərinin özübioqrafik simfoniya təsiri bağışlamırmı?..

Bir belə bənzədə-bənzədə, canlandıra-canlandıra qoşub-yaratmış bu bənzərsizin özünü nəyə bənzətmək məsələsi isə mənimçün ömürlük bir hicr...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 11.