“Ən böyük istəyimiz Azərbaycana daha çox turist gətirməkdir”

 

Elektron viza sistemi tətbiq edildikdən sonra ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artım var

 

Azərbaycanın turizm bazarında Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında 270 turizm şirkəti fəaliyyət göstərir. Bəziləri bu sahədə artıq illərin təcrübəsini qazanıb və ölkəmizdə turizmin inkişafına öz töhfəsini verir. Onlardan biri bu il fəaliyyətinin 10 illiyini qeyd edən «Victory Tour» şirkətidir.

 

Şirkətin baş direktoru Vüsal Hacıyev qəzetimizə müsahibəsində həm 10 illik fəaliyyətləri barədə danışdı, həm mütəxəssis kimi bizi maraqlandıran sualları cavablandırdı:

- “Victory Tour” şirkəti öz işinə korporativ xidmətlə başlayıb. Burada söhbət Azərbaycanda xarici yerli şirkətlərə turizm sahəsində müxtəlif xidmətlər göstərməkdən gedir. Yavaş-yavaş təcrübəmizi artırmaqla digər turizm xidmətləri ilə məşğul olmağa başladıq. 2010-cu ildə “Explore Azerbaijan” adlı yeni layihəyə başladıq. Layihənin məqsədi Azərbaycanın daxili turizm potensialını inkişaf etdirməkdir. Layihə əsasında www.exploreazerbaijan.com saytı istifadəyə verildi. Sayt vasitəsilə əcnəbi turistlər ölkəmizdəki istirahət mərkəzləri, hotellər, populyar olan turizm növləri, viza qaydaları s. barədə məlumatlar əldə edə bilərlər. Həmçinin həmin layihənin facebook səhifəsi email-marketinq vasitəsilə xarici turistləri ölkəmizə gəlməyə təşviq edirik. Bu gün yeni xidmət növləri axtarışındayıq, fəaliyyət dairəmizi genişləndirməyə çalışırıq.

- Azərbaycanın əsasən hansı bölgələrinə daxili turlar təşkil edirsiniz?

- Demək olar, turizm potensialına malik bütün regionlara turlarımız var. Quba, Lənkəran, Gəncə istiqamətində müxtəlif əlavə xidmətlər daxil olmaqla, turlar təklif edirik. Ən populyar turumuz isə Bakı-Şamaxı-Şəki-Balakən istiqamətindədir. Bunun bir səbəbi turun kombinə edilmiş olmasıdır. Bu marşrutla hərəkət edən xarici turistlər həm Gürcüstana səfər edə bilirlər. Onlar öncə Gürcüstanı gəzirlər, sonra biz onları sərhəddə qarşılayırıq, Şəki, Şamaxı rayonlarında da istirahət etməklə Bakıya gəlirlər. Turistlər üçün belə turlar çox sərfəlidir. Onlar bir səfərlə iki ölkəni gəzmiş olurlar.

- Xarici ölkələrə turpaketlər hazırlayırsınız. Azərbaycan vətəndaşları əsasən hansı istiqamətlərə üstünlük verirlər?

- Bu, mövsümdən asılı olaraq dəyişir. Yayda, təbii ki, Türkiyə, qışda isə Dubay istiqamətində səfərlər çox olur. Amma Avropa ölkələrinə gedənlər az deyil. Tailand, Maldiv adaları isə ekzotika həvəskarı olan azərbaycanlı turistlər arasında populyardır.

- Rusiya bazarı Azərbaycan üçün çox önəmlidir. Hazırda rublun məzənnəsinin kəskin düşməsi ilə əlaqədar Rusiyadan xaricə turist səfərləri azalıb. Bu ölkədən Azərbaycana səfər edənlərin sayında hansı tendensiya müşahidə edilir?

- Təbii ki, azalmalar var. Biz Rusiya bazarı ilə çox sıx işləyirik. Azərbaycanda ilk dəfə olaraq ötən ilin yayından «Victory Tour» şirkəti bu ölkənin turizm şirkətləri ilə birlikdə «Təminatlı toplam tur» təşkil edir. Bu turların üstünlüyü ondadır ki, turistlər qrup şəklində səfər edirlər. Bu zaman istirahət onlara çox sərfəli qiymətə başa gəlir. Rublun məzənnəsinin düşməsinə baxmayaraq, bu turla ölkəmizə gəlmək istəyənlər yenə var. Yeni il bayramında böyük bir qrup toplaya bilmişdik.

- 2013-cü ilin aprelindən Azərbaycana gəlmək istəyən turistlər üçün elektron viza tətbiq olunur. Bunun ölkəmizə turist axınına dərəcədə təsiri olur?

- Mən ilk növbədə Mədəniyyət Turizm Nazirliyinə elektron vizanın tətbiq olunmasında göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Turizm şirkətlərinin qarşılaşdığı ən böyük çətinliklərdən biri viza məsələsi idi. Çünki xarici turistlər daha rahat yolla viza əldə etməyə üstünlük verirlər, problemlərlə üzləşdikləri ölkələrə səfər etməyi sevmirlər. Amma elektron viza sistemi tətbiq edildikdən sonra bizim bu baxımdan problemimiz yoxdur. Azərbaycana gəlmək istəyən xarici turist evindən internet vasitəsilə müraciət edərək viza ala bilir. Bu sistem tətbiq olunmağa başladıqdan sonra turist sayında nəzərəçarpacaq dərəcədə artım var. O cümlədən Avropa ölkələrindən Amerikadan çoxlu turistlər qəbul edirik.

- Ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar turizm şirkətləri ilə əməkdaşlığa elə meyl göstərmirlər. Bu barədə deyə bilərsiniz?

- Hər bir müəssisənin öz marketinq siyasəti var. Bəzi mehmanxanaların strategiyası bizimki ilə üst-üstə düşmür. Amma bir məqamı da deyim ki, son vaxtlar bu istiqamətdə xeyli irəliləyiş var. Bir çox hotellərlə yüksək səviyyədə əməkdaşlıq edirik. Öz fəaliyyətini uzunmüddətli vaxt üçün quran mehmanxanalar turizm şirkətləri ilə əməkdaşlıqda özləri maraqlı olur. Çünki hotelin öz məhsulunu turizm şirkəti vasitəsilə satması daha rahatdır. Turizm şirkətləri mehmanxanalara qrup şəklində müştəri gətirirlər, onların təklif etdikləri xidmətləri satırlar. Təbii ki, turizm şirkətləri ilk növbədə onlarla əməkdaşlıq edən, dünya standartlarına uyğun xidmət təklif edən mehmanxanalarla qururlar.

- Bəzi mütəxəssislərin fikrincə, internet texnologiyaları inkişaf etdikcə, turizm şirkətlərinin fəaliyyətinə ehtiyac qalmır. Çünki turistlər artıq internet vasitəsilə istədikləri ölkədə arzu etdikləri məkanları özləri üçün seçib sifariş verirlər. Bu məsələyə sizin fikirlərinizi bilmək maraqlıdır.

- Bu doğrudur ki, bir çox turistlər onlayn sifarişlə istədikləri yerə gedirlər belə insanların sayı da getdikcə artmaqdadır. Amma mən heç elə fikirləşmirəm ki, bu, turizm şirkətlərinin gərəksizliyinə gətirib çıxaracaq. Çünki onlayn sifariş zamanı nömrənin necəliyi, hotelin məsləhətli olub-olmamasını müəyyənləşdirmək olmur. Hər bir hotel özü haqda yaxşı məlumatlar verə bilər. Amma şirkətlər verilən sifarişin təminatçısıdır. Turist qaldığı mehmanxanaya turizm şirkəti vasitəsilə yerləşdikdə orada hər hansı bir neqativ halla üzləşərsə, bunu şirkət həll edir. Birbaşa yerləşdikdə isə şikayət edəcəyi yer olmur. Digər tərəfdən, mən belə hesab edirəm ki, turizm şirkətləri müxtəlif qeyri-standart kreativ xidmətlərlə bazarda öz yerlərini qoruyub saxlaya bilərlər.

- Bəzən olur ki, turistlər şirkətlər vasitəsilə xarici ölkələrə səfərləri zamanı onlara vəd olunan xidməti görə bilmirlər. Bu halda onlar etməlidir?

- Turistlər səfərdən əvvəl mütləq əməkdaşlıq etdikləri turizm şirkəti ilə müqavilə bağlamalıdır. Bu müqavilədə verilən sifariş bütün detallarına qədər aydın olur. Əgər sifariş etdiyi xidməti görmürsə, turist həmin sənədə əsasən məhkəməyə müraciət edib, ona dəyən zərərin ödənilməsinə nail ola bilər.

- Fəaliyyətinizin 10 ili tamam olur. Bu münasibətlə müştərilərinizə hansı təklifləriniz var?

- Şirkətimizin facebook səhifəsində müştərilər üçün bir müsabiqə elan etmişik. Xarici ölkələrdə yaxud Azərbaycanın daxilində çəkilmiş ən kreativ fotoşəklin müəllifinə «Victory Tour» tərəfindən ilin sonunda Türkiyəyə pulsuz səyahət paketi təqdim ediləcək. Qalib facebookda ən çox like edilən fotonun sahibi olacaq.

Bundan başqa, bu illər ərzində bizimlə daha çox səyahət edən müştərilərimizə şirkətimizin hədiyyələri olacaq. Təbii ki, şirkət olaraq bundan sonra fəaliyyətimizi daha da genişləndirəcəyik. Müxtəlif layihələrimiz var. Ən böyük istəyimiz isə Azərbaycana daha çox turist gətirməkdir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 7.