“Vahidəm, xəlqimin qəzəl şairiyəm”

 

Fevralın 18-də Azərbaycan qəzəl məktəbinin parlaq nümayəndəsi, görkəmli şair Əliağa Vahidin 120 illiyi ilə əlaqədar Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları şairin Fəxri xiyabanda məzarını və İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən büstünü ziyarət ediblər.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Ə.Vahidin oğlu Ramiz İskgəndərov, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru, qəzəlxan-şair Şahin Fazil, məclisin üzvləri, Müşfiqabad qəsəbə Mədəniyyət evinin muğam ifaçıları, bədii qiraətçilər və meyxanaçılar iştirak ediblər.

Əvvəlcə Əliağa Vahidin həyat və yaradıcılığından bəhs edən “Qəzəlxan” filmindən parçaşairin səs yazısından ibarət videoslayd nümayiş olunub. Sonra iştirakçılar şairin həyat və yaradıcılığından söz açıblar, qəzəllərini söyləyiblər. Muğam ifaçıları Əliağa Vahidin qəzəllərini musiqi ilə ifa ediblər. Qiraətçilərin və meyxana ustalarının çıxışları da alqışlarla qarşılanıb.

“Məcməüş-şüəra” ədəbi məclisinin üzvü, rəssam Bəxtiyar özünün çəkdiyi şairin üç rəsmini Yasamal MKS-nin 1 saylı filialına (Ə.Vahid adına kitabxana- muzey) hədiyyə edib. Tədbir zamanı həmçinin şairin əsərlərindən, haqqında yazılmış kitablardan, jurnal və qəzet materiallarından, fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 6.