Serbiya ilə teatr əməkdaşlığı müzakirə olunub

 

Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında teatr əlaqələrinin mövcud durumu və perspektivləri müzakirə olunub.

İsrafil İsrafilov səfirə Azərbaycan teatrı haqqında ətraflı məlumat verib, son illərdə bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Neboyşa Rodiç Serbiyanın Azərbaycanla sıx əlaqələr qurmaq istəyini, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı əldə olunan ilkin razılığa əsasən, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi planlaşdırılıb. Qonaqlar Milli Dram Teatrında serb dramaturqu Branislav Nuşiçin pyesi əsasında hazırlanan “Nazirin xanımı” tamaşasına baxıblar.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 3.