Daşkənddə Beynəlxalq Ana Dili Günü qeyd olunub

 

Daşkənddəki Əlişir Nəvai adına Milli Kitabxanada 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı mərasim keçirilib. Tədbirdə ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərləri və əməkdaşları, jurnalistlər iştirak ediblər.

Kitabxananın direktoru Asadjon Xocaev, UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri xanım Kristu Pikkat, Banqladeşin bu ölkədəki səfiri Maksut Mannan çıxışlarında bu bayramın əhəmiyyəti haqqında ətraflı söhbət açıblar.

AMM-in əməkdaşı Kifayət Pirməmmədova Azərbaycan dili, xarici ölkələrdə yaşayan soydaşlarımız haqqında danışıb. Qeyd olunub ki, dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Özbəkistanda yaşayan soydaşlarımızın sayı 60 min nəfərə yaxındır. K.Pirməmmədova bildirib ki, AMM-də Azərbaycan dili kursu bir neçə ildir uğurla fəaliyyət göstərir.

Tədbirdə soydaşımız, tələbə Arzu Mirqasımova Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyib. AMM-in “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 10.