Küveytdən Azərbaycana səfər edən turistlərin sayı artır

 

“Küveyt-Qəbələ birbaşa reysinin açılması gündəmdədir. Artıq Küveyt tərəfi buna razılıq veribbiz Azərbaycan tərəfinin razılığını gözləyirik”

 

Azərbaycanın tarix, din və mədəni köklərlə bağlı olduğu İslam aləmi, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Ərəb dünyasında sıx əməkdaşlıq etdiyimiz ölkələrdən biriKüveytdir. Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə müsahibəmiz bu ölkənin milli bayramı (26 fevral - Azadlıq Günü) ərəfəsinə təsadüf etdi. Diplomat əvvəlcə bu barədə danışdı:

 

- Küveyt Dövləti və xalqı hər il fevralda iki bayramı qeyd edir. Bu bayramlardan biri Küveytin Milli İstiqlaliyyət Günü, digəri isə Azadlıq Günüdür. Küveyt 1961-ci ilin 19 iyununda müstəqilliyini elan edib. Ölkəmiz 1990-cı ilin avqustundan 1991-ci ilin fevralınadək İraqın işğalı altında olub. 26 fevral Küveytin Səddam Hüseynin işğalından azad olunduğu gündür. O tarixdən başlayaraq biz Azadlıq Günü ilə istiqlaliyyət bayramını birgə qeyd edirik. Bu il istiqlaliyyətimizin 54, Azadlıq Gününün isə 24-cü ildönümüdür.

- Azərbaycan-Küveyt münasibətlərinin mövcud vəziyyətini necə xarakterizə edərdiniz?

- Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, ildən-ilə daha da inkişaf edir. Biz həmişə əsas diqqəti iqtisadi əlaqələrə yönəltmişik. Əlaqələrimizdə xüsusi əhəmiyyət kəsb edən daha bir sahə turizmdir. Küveytdən Azərbaycana səfər edən turistlərin sayı da getdikcə artmaqdadır. Xüsusilə yay aylarında küveytlilər Azərbaycana gəlməyə üstünlük verirlər. Ötən ilin məlumatına görə, bura gələn turistlərin sayı 750 nəfərə çatıb. Halbuki bir neçə il öncəyədək Küveytdən Azərbaycana 30-40 nəfər turist gəlirdi. Küveytli turistlər Qəbələ rayonunu daha çox sevirlər. Elektron viza alınması da çox asanlaşıb. İnanırıq ki, bu il turistlərin sayı daha da artacaq.

- Azərbaycan turistləri Küveytə nə dərəcədə maraq göstərirlər?

- Azərbaycanlılar da turist kimi Küveytə gedirlər, amma onların sayı azdır. Biz azərbaycanlı turistlərin Küveytə gəlməsindən yalnız şad olardıq, onları qarşılamağa hər zaman hazırıq. Küveyt kiçik ölkədir. Ölkəmizdə ticarət, kommersiya turizmi inkişaf edib. Xüsusilə qeyd etmək istərdim ki, Yaxın Şərqdə ən böyük ticarət mərkəzi paytaxt El-Küveytdə yerləşir və şəhərin bütün sahil boyunu əhatə edir. Bizdə mallar da gömrük rüsumundan azaddır və çox ucuzdur. Məsələn, avtomobillərə, neft-kimya məhsullarına vergi yoxdur. Bizdə tibb inkişaf edib, yüksəkixtisaslı həkimlər fəaliyyət göstərir. Eyni zamanda xaricdən yüksək ixtisaslı həkimlər müəyyən müddətə ölkə xəstəxanalarında işləmək üçün dəvət edilir. Ölkəmizdə qədim dövrləri, o cümlədən Osmanlı dövrünü əhatə edən qədim mədəniyyət abidələri var ki, bu da mədəni turizm həvəskarları üçün maraqlıdır. Eyni zamanda tariximizlə bağlı maddi mədəniyyət nümunələri xüsusi muzeylərimizdə nümayiş olunur. Disneylənd tipli əyləncə mərkəzlərinə də turistlər maraq göstərirlər.

- Yeri gəlmişkən, qarşılıqlı turist səfərlərinin sayının artması üçün birbaşa hava əlaqəsinin olması vacibdir. Bu istiqamətdə müzakirələr aparılırmı?

- Bu sahədə də danışıqlar aparılır. Hazırda Küveyt-Qəbələ birbaşa reysinin açılması gündəmdədir. Artıq Küveyt Dövləti hava reysinin açılmasına razılıq veribbu istiqamətdə bəzi işlər görülüb. Biz indi Azərbaycan tərəfinin razılığını gözləyirik. Küveytdə təyyarə çatışmır, ona görə də bununla məşğul olan adamı həm də uçuşların təşkili üçün təyyarənin icarəsi üzərində işləyir. Reyslərin həftədə iki dəfə həyata keçirilməsi gözlənilir. Məsafə isə cəmi 1 saat 50 dəqiqədir. Əminəm ki, birbaşa hava əlaqəsindən sonra turistlərin sayı daha da artacaq. Reyslərin qiyməti digər xətlərə nisbətən daha ucuz olacaq. Onu da qeyd edim ki, bu işin təşəbbüskarı olan şəxsin həm də Qəbələdə yatırımları var.

- Bu il mədəniyyət sahəsində hansı layihələrin reallaşdırılması planlaşdırılıb?

- Bu il Azərbaycanla münasibətlərimizin inkişafı baxımından yaxşı bir il olacaq. May ayında Küveytdə birgə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İclasda iki ölkə arasında əməkdaşlığın geniş spektrini əhatə edən məsələlər müzakirə olunacaq. Komissiyanın sonuncu iclası iki il əvvəl Bakıda keçirilib. Hökumətlərarası komissiyaya Azərbaycan və Küveytin xarici işlər nazirləri həmsədrlik edirlər.

Mədəniyyət sahəsinə gəlincə, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi xoş ənənə halını alıb. 2011-ci ilin mayında və 2013-cü ilin fevralında Küveytdə Azərbaycan mədəniyyəti günləri gerçəkləşib. 2012-ci ilin noyabrında isə Azərbaycanda Küveyt mədəniyyəti günləri keçirilib. Küveytin nazirlik səviyyəsində olan Ali Mədəniyyət Şurası Azərbaycanla əlaqələrə xüsusi önəm verirbu tədbirlər gələcəkdə də davam edəcək. Müsəlman ölkələri olmağımıza baxmayaraq, xalqlarımız biri-birlərinin mədəniyyəti haqqında kifayət qədər məlumata malik deyil. Bunun üçün qarşılıqlı görüşlər keçirmək lazımdır. Məsələn, mən istərdim ki, folklor qruplarımız qarşılıqlı olaraq universitetlərdə tədbirlər təşkil etsinlər. Bu yolla əlaqələri genişləndirmək istəyirik. Qarşılıqlı mədəniyyət günləri isə ölkələrimizin xalqlarının bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması üçün imkandır. İstəyirik ki, bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirək.

- Bu gün bir sıra Qərb ölkələrində İslam dini, onun müqəddəs şəxslərinə qarşı hörmətsizlik müşahidə edirik. Sizcə, bunu söz azadlığı kimi qələmə vermək nə dərəcədə doğrudur?

- Biz bu cür yanaşmaların qəti əleyhinəyik. Bütün dinlərin müqəddəs şəxsiyyətlərinə qarşı bu cür hörmətsizliyə qarşı çıxırıq. Biz başqa dinlərə hörmət edirik və istəyirik ki onlar da bizim dinimizə hörmət etsinlər. Son vaxtlar baş verən olayları qətiyyətlə pisləyirik. Hesab edirəm ki, buna cavab sözlə, dialoqla olmalıdır. Zorakı yolla cavabı rədd edirik. Məsələn, Fransada bir müddət əvvəl baş vermiş hadisəni götürək. Fransa azad bir ölkədir, karikatura problemini onu çəkənin məhkəməyə verilməsi yolu ilə həll etmək olardı. Biz bütün dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın tərəfdarıyıq, onlar arasında hər hansı düşmənçiliyi rədd edirik.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 10.