Bu insanlar xalqlarımız arasında dostluğun simvoludur

 

Gürcüstanda Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd edilib

 

Azərbaycanın Xalq artisti, görkəmli müğənni və bəstəkar, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 illik yubileyi qonşu Gürcüstanda da qeyd edilib.

 

Fevralın 21-də Cansuq Kaxidze adına Tbilisi Musiqi və Mədəniyyət Mərkəzində keçirilən yubiley gecəsində Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycandan, Rusiyadan, digər ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı, Gürcüstanın mədəniyyət xadimi Vaxtanq Kaxidze atasının adını daşıyan salonda Azərbaycanın Xalq artistinin 70 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb. Bildirib ki, atası Bülbüldən xalqını, Vətənini, xalqının incəsənətini sevməyi öyrənən Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır.

Səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur Azərbaycan mahnısını ifa edib.

Yubilyar ulu öndər Heydər Əliyevin mədəniyyətə, incəsənət xadimlərinə, o cümlədən onun özünə göstərdiyi böyük diqqət və qayğıdan söz açıb. Vurğulayıb ki, bu gün həmin kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. O, yaradıcılığına verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirib.

Sonra Azərbaycanın Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Gürcüstan Simfonik Orkestri yubilyarın mahnılarını ifa edib.

Polad Bülbüloğlu orkestrin müşayiəti ilə Qara tellər, Xumar oldum, Ay dilbər, Gəl ey səhər və s. mahnılarını oxuyub. Yubilyarın Məhəbbət və ölüm baletindən, həmçinin onun rol aldığı Qorxma, mən səninləyəm filmindən parçalar göstərilib.

Xalq artistini təbrik edənlər arasında Gürcüstanın mədəniyyət və tarixi abidələr naziri Mixeil Georqadze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Bakılı oğlanlar şən və hazırcavablar klubunun üzvü Bəhram Bağırzadə və başqaları olub.

Mixail Qusman deyib: Mənim gənclik illərim Poladla bağlıdır. Biz uzun illərdir dostluq edirik. O, gözəl bəstəkar ifaçı, həm bacarıqlı diplomatdır. Onun yubileyinin Moskvada, Bakıda indi Tbilisidə qeyd olunması bir daha göstərir ki, Polad Bülbüloğlu, həqiqətən , sevilən bir insandır.

Biz dahi Bülbülü onun layiqli davamçısı olan Poladı çox sevirik. Bu sözləri Tbilisi şəhər sakini Konstantin Slovinski deyib: Tbilisinin mərkəzində dahi Bülbülün büstünün ucaldılması, Poladın yubileyinin təşkili dediklərimin əyani sübutudur. Bu insanlar təkcə incəsənət adamı kimi sevilmirlər, onlar həm xalqlarımız arasında dostluğun simvoludurlar.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 5.