Tələbələr tədris teatrında təcrübə keçiblər

 

Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti və aktyor sənəti fakültələrinin bir qrup tələbəsi təhsil ocağının “Səda” tədris teatrında təcrübə keçiblər. Bir ay ərzində davam edən ustad dərsləri xalq artistləri İlham Namiq Kamal, Ağakişi Kazımov, professorlar Gülşən Əliyeva-Kəngərli, Fikrət Sultanov, Gülşad Baxşıyeva və Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən aparılıb.

Ustad dərslərinin nəticələrinə həsr edilən tədbirdə təcrübə rəhbərləri Sevda Teymurova və Əsmət Qəşəmova çıxış edərək dərslərin əhəmiyyətindən danışıblar. Tələbələr müəllimlərə təşəkkürlərini bildirib, bu dərslərin onlar üçün məhsuldar və böyük təcrübə olduğunu qeyd ediblər.

Ustad dərsləri keçmiş professor və əməkdaşlara təşəkkürnamələr təqdim edən “Səda” tədris teatrının direktoru Mirələsgər Aslanov belə görüşlərin tələbələrin gələcək yaradıcılıq axtarışlarında böyük rol oynayacağını qeyd edib.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 4.