Xocalının bitməyən ağrısı

 

Fevralın 22-də Şəki şəhər Nakam adına Mərkəzi kitabxanada Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbiri kitabxananın şöbə müdiri Məlahət Cabbarlı açaraq faciə barədə danışıb. Kitabxananın fəal oxucuları Xocalı soyqırımının tarixi, o ərəfədə Qarabağda baş verən hadisələrdən bəhs ediblər. Sonra tədbir iştirakçıları Xoca filminə baxıblar.

 

* * *

Fevralın 23-də Şabran rayon MKS-də Qan ağlayan Xocalım adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru S.Məcidova, 4 saylı orta məktəbin tarix müəllimi Vüsalə Orucova, kitabxananın əməkdaşları Z.Ağarzayeva, A.Babayeva, A.Quliyeva Xocalı soyqırımının ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıblar. 4 saylı məktəbin şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şeirlər səslənib.

 

* * *

Zərdab rayon Gəlmə kənd kitabxanası kənd orta məktəbi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Qar üstünə qan yağırdı başlığı altında ədəbi-bədii kompozisiya təşkil edib. Məktəbin direktoru G.İsgəndərov, kənd kitabxanasının müdiri İ.Hüseynova, məktəbin müəllimləri R.Qaçayev, R.Mənsimova Xocalı faciəsi haqqında söz açıblar. Kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhlu şeirlər söyləyiblər.

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Körpükənd, Allahqulubağı və İsaqbağı kənd kitabxana filiallarında da Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil edilib.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 15.