Tamami-Şəki mahalında əvvəlinci şair

 

XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən zəngin dövrlərindən biridir. Əsrin birinci yarısında meydana gələn realist meyllər poeziyada, nəsrdə və dramaturgiyada aparıcı metoda çevrilir. Romantik poeziya sənət meydanında zəifləyir. Bütün bunlara baxmayaraq, klassik poeziya ənənələrini yaşadan şairlər də var idi ki, belə görkəmli sənətkarlardan biri İsmayıl bəy Nakam olub.

 

İsmayıl bəy Məhəmməd bəy oğlu Sədrəddinbəyov 1829-cu ildə Şəki şəhərində tanınmış bir ailədə dünyaya göz açıb. Onun ulu babaları hələ XVIII əsrdə Şamaxıdan Şəkiyə köçmüşdülər. İsmayıl ibtidai təhsilini molla məktəbində alır. Ərəb-fars dillərini mükəmməl öyrənir. Sonra atası evə rus dili müəllimi dəvət edir və İsmayıl üç ilə yaxın bu dili öyrənir. Məhəmməd bəy oğlunun dünyagörüşünün artması məqsədilə onu Yaxın Şərqə yola salır. O, Hindistana səyahət edərək bir müddət orada qalır və zəngin bilik qazanır.

Görkəmli ədəbiyyatşünas, akademik Feyzulla Qasımzadə yazır: Ədəbi məclislər dövründə Şəkidə yetişən lirik şairlər içərisində əsas yeri İsmayıl bəy Nakam tutub. O, hərtərəfli təhsil alaraq fars və ərəb dillərini mükəmməl bilib. Bahar Şirvani kimi o da gənc yaşlarında Hindistanı və Yaxın Şərq ölkələrini gəzir, klassik ədəbiyyatla, xüsusilə Məhəmməd FüzuliNizami Gəncəvinin əsərləri ilə yaxından tanış olub.

Maarifçi-ədəbiyyatşünas Firidun bəy Köçərli qeyd edir ki, dövrünün ziyalı və qədirbilən şəxsləri şairə dərin hörmət bəsləyib maddi və mənəvi yardım göstəriblər. Şair Məcnun və Leyli poemasının sonunda qutqaşınlı Mehdi bəy Qədirbəyzadəni minnətdarlıqla yad edir. F.Köçərli şairin yaradıcılığından bəhs edərək yazır: Nuxa şairlərinin ən məşhuru və müqtədiri İsmayıl bəy Nakamdır. Tamami-Şəki mahalında əvvəlinci şair hesab olunur. Əsərlərindən ibarət üç böyük divanı var. Onlardan biri Gənci-ədəb (Gəncineyi-ədəb) məşhur və otuz bir məqalədən ibarət bir kitabdır. Şairin gəlib bizə çatan əsərlərindən görünür ki, onun çox açıq və rəvan təbi olub.

F.Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixi kitabına İ.Nakamın üç qəzəlini, bir qəsidəsini və iki tərcibəndini daxil edib. Daha sonra şairin sənətkarlıq məharətindən bəhs edib, ana dilinə üstünlük verməsini təqdirəlayiq bir hadisə adlandırıb.

Şair bir neçə dil bilsə də, əsərlərini doğma Azərbaycan dilində yazıb. Onun Azərbaycanın digər bölgələrində yaşayıb-yaradan insanlarla dostluq əlaqələri olub. Şamaxıda böyük şair Seyid Əzim Şirvani, Qutqaşında (indiki Qəbələ) Mehdi bəy Qədirbəyzadə, Bakıda milli mesenat Hacı Zeynalabdin Tağıyev və başqaları daim şairə hörmət və ehtiramla yanaşıblar. Hətta H.Z.Tağıyev onun əsərlərini nəşr etdirmək üçün təşəbbüs göstərib, lakin bu xoş arzu reallaşmayıb.

İ.Nakam Divani-bədii, Xəyaləti-pərişan adlı divanların, Gəncineyi-ədəb, Fərhad və Şirin, Məcnun və Leyli adlı klassik üslubda qələmə aldığı irihəcmli epik poemaların, nəsrlə yazdığı didaktik məzmunlu Dörd əfəndi və Lətifnamə əsərlərinin müəllifidir.

Onu da qeyd edək ki, Nakamın yaşayıb-yaratdığı dövrün ədəbi məclislərində pərakəndəlik duyulurdu. Nizami Gəncəvi və Məhəmməd Füzulinin əsərlərinə nəzirə yazmaq bir ənənəyə çevrilmişdi. Şəkidə isə heç bir ədəbi məclis fəaliyyət göstərmirdi. Odur ki, Şəkidə yaşayan şairlərin yaradıcılığına müəyyən istiqamət verən olmurdu. Mahalın görkəmli şairləri Şirvanya Qarabağ şairləri ilə qismən əlaqə saxlaya bilirdilər. İ.Nakamın Beytüs-Səfa ədəbi məclisi ilə yazışmaları olub. O, 1905-ci ildə əsərlərinin üzünü köçürərək divan tərtib edib. Araşdırmalarda göstərilir ki, şair öz ədəbi irsinin taleyi ilə maraqlandığı üçün Gəncineyi-ədəb və qəzəlləri ilə birlikdə Məcnun və Leyli, Fərhad və Şirin poemalarını iki mükəmməl divanda cəmləşdirib.

Müəllif bəzi əsərlərində taleyindən şikayətlənərək həyata göz açdığı vaxtdan qocalana qədər özünün pərişan, bağrının qan olduğundan yazıb. Bunu şair qəhrəmanı Məcnunun dilindən belə ifadə edir:

 

Açıb göz, bağrımı qan görmüşəm mən,

Məni böylə pərişan görmüşəm mən.

 

Şairin acınacaqlı və çətin güzəranı onun təxəllüsündə də öz təzahürünü tapıb. O, gec ailə həyatı qurduğu, lakin çox sevdiyi həyat yoldaşı Fatma xanımı vaxtsız itirir. Bu itkidən çox pərişan olur, yaşamaq əzmi zəifləyir. Səhhəti gündən-günə pisləşir, xərçəng xəstəliyindən əzab çəkir. Yazıb-yaratmaq imkanlarını itirən şair hətta Lətifnamə əsərini başa çatdıra bilmir. İsmayıl bəy Nakam 1906-cı ildə Şəkidə vəfat edib. Hazırda Şəki şəhər Mərkəzi kitabxanası şairin adını daşıyır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S.15.