Səyahət və macəra

 

Ölkəmiz Los-Anceles turizm sərgisində təmsil olunub

 

Fevralın 21-22-də ABŞ-ın Los-Anceles şəhərində ənənəvi Los-Anceles Səyahət və Macəra beynəlxalq turizm sərgisi keçirilib. Bu, Birləşmiş Ştatlarda ən böyük turizm sərgisidir. Sərgidə ölkəmiz də təmsil olunub.

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən qurulmuş stenddə ölkəmizin turizm imkanları barədə bannerlər və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə ziyarətçilərə geniş məlumatlar verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, tolerantlıq ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə məlumat əldə ediblər. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sərgi iştirakçılarının Azərbaycan və onun turist mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Stenddə qoyulmuş Qarabağ - Azərbaycanın zinət tacı (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi marağına səbəb olub. Bannerdə əzəli vətən torpağı olan Qarabağın füsunkar mənzərələri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər alban monastırı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbinin təmsilçilərini əks etdirən fotolar yerləşdirilib.

Baş konsulluq tərəfindən hazırlanmış Qarabağa dair kitabça da sərgi iştirakçılarına paylanılıb. Kitabçada eyni zamanda Azərbaycanın bu qədim bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunurbu ərazilərə qanunsuz turist səfərlərinin yolverilməzliyi diqqətə çatdırılır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 9.