"Xocalı - unudulmayan tarix"

 

Fevralın 25-də Azərbaycan Xalça Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. "Xocalı - unudulmayan tarix" adlı tədbir Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino xidməti idarəsi, İdrak liseyi, muzeyin Şuşa filialı şöbəsi, kütləvi şöbəsi və muzeyin nəzdində fəaliyyət göstərən uşaq muzeyinin birgə təşkilatçılığı ilə hazırlanıb.

Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva qonaqları salamlayaraq gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları milli ruhda tərbiyə etmək məqsədilə bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları Vahid Əhmədov, Fazil Mustafa, Ombudsman aparatının mətbuat xidmətləri idarəsinin rəhbəri Zemfira Məhərrəmli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino xidməti idarəsinin rəisi Gültəkin Nəriman və İdrak liseyinin direktoru Mövsüm Alışov Xocalı faciəsinin tariximizdəki yerindən, bu hadisənin gələcək nəsillərin yaddaşında əbədi yaşaması üçün bədii əsərlərin, kino nümunələrinin əhəmiyyətindən bəhs ediblər.

Kino xidməti idarəsinin Xocalı hadisələrindən söz açan "92-ci ilin qarı" sənədli filmi nümayiş olunub. İdrak liseyiFüzuli rayonu 2 saylı orta məktəbin şagirdlərinin soyqırımı ilə bağlı səhnəciklər və Xan Şuşinski adına muğam məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi tərəfindən müxtəlif yaş qruplarına aid interaktiv oyunlar keçirilib.

 

Mədəniyyət.- 2015.-27 fevral.- S. 4.