Gənc solistin beynəlxalq uğurları

 

Bu ad sənətsevərlərə tanışdır - OperaBalet Teatrının solisti İlham Nəzərov. İstedadlı vokalçı olmaqla bərabər, həm də daim öz üzərində işləyən, yeni axtarışlar aparan fəal gənclərdən biridir. İlham nadir hesab olunan bariton kontrtenor səs tembrlərinə malikdir.

 

Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsində Nofəl (Leyli ve Məcnun, Ü.Hacıbəyli), Silvio (Təlxəklər, R.Leonkavallo), Papageno (Sehrli fleyta, V.Motsart), Betto di Sinya (Canni Skikki, C.Puççini) Aleko (Aleko, S.Raxmaninov) rollarını məharətlə ifa edib. Heydər Əliyev Sarayında tamaşaya qoyulan R.Koççantenin Notre Dame de Paris müziklində Kvazimodo, Firəngiz Əlizadənin İntizar operasında Yad adam obrazlarını canlandırıb. Hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində Şaroyev adına 35 saylı musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olan ifaçı mütəmadi olaraq beynəlxalq festival müsabiqələrdə iştirak edir.

Bu günlərdə İtaliyada keçirilən Ravenna festivalında uğur qazanan İlham Nəzərov təəssüratlarını bizimlə bölüşdü.

 

Məşhur D'Arte Lirica Akademiyası və yolun başlanğıcı

 

Hər şey belə başladı... İlham Nəzərov Bülbül adına orta ixtisas məktəbində təhsil alır. Öncə xanəndəlik, sonra vokal sinfində təhsilini davam etdirir. Bundan sonra Bakı Musiqi Akademiyasında vokal üzrə bakalavr, daha sonra magistr təhsilini başa vurur. Musiqili Komediya Teatrında, Dövlət Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblında, daha sonra Dövlət Xor Kapellasında, Üns yaradıcılıq səhnəsində, OperaBalet Teatrındakı çıxışları ilə mütəxəssislərin diqqətini cəlb edə bilir. Səs diapazonu və səhnə istedadı ona Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo şəhərində yerləşən D'Arte Lirica Akademiyasında kontrtenor səs tembri üzrə təhsil almasına imkan yaradır.

Amma göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz çalışmaq lazım idi. Dünyada ad qazanmış, sayılıb-seçilən bu təhsil ocağına qəbul olunmaq hələ məzun olacağının qarantı deyil. Çünki növbəti təhsil ilinə keçmək üçün müəllimlər rəy yazırlar və nəticələrə əsasən sən ya təhsili davam etdirirsən, ya da akademiyanı tərk etməlisən. İlham bu məsuliyyətin öhdəsindən gəlir. Üstəlik, seçim etməli idi: bariton, yoxsa kontrtenor?

İlk gündən təhsilini bariton üzrə davam etdirmək istəsə də, birdən-birə uzaq İtaliyada kontrtenor tembri ona, sözün əsl mənasında, şöhrət gətirir. Dərslərin birində bu istedadını pedaqoqların nəzərinə çatdıran ifaçı akademiya üçün əsl tapıntı olur. İlham deyir ki, əslində kontrtenor oxumaq məsələsi üzərində çox fikirləşməli olub, necə qarşılanacağam, ümumiyyətlə Azərbaycana qayıtdıqdan sonra necə qəbul ediləcək... Bütün bu suallar onu düşündürərkən akademiyanın rektorunun ona dediyi İlham, sən bariton oxuyanlar sırasında min ifaçıdan biri ola bilərsən, amma kontrtenorda isə sən üç ifaçıdan birisən. Bu, sənin xüsusi istedadındır fikri onu qəti qərar qəbul etməyə vadar edir.

 

Bir səfər, üç festival maesrto Rikkardo Muti ilə işbirliyi

 

4-6 iyul tarixində İtaliyanın Ravenna şəhərində keçirilən eyniadlı festivala qatılan solist bu mötəbər tədbirə dəvətin olunmasından məmnunluğunu ifadə edir. Çünki festivalın rəhbəri Rikkardo Muti dünyanın məşhur dirijorlarından hesab olunur onun festivalına qatılmaq bir çox solistlərin arzusudur.

İlham İtaliyaya Della valle D`Itria festivalında iştirak üçün yollanmışdı. O, artıq üçüncü (2012, 2013 2015) dəfə idi ki, ölkəmizi bu festivalda təmsil edirdi. 2013-də festival çərçivəsində kontrtenorların konsertinə dəvət olunaraq uğurlu proqramla çıxış etmişdi.

Qeyd edək ki Della valle D`Itria festivalı 41-ci dəfədir ki, keçirilir beynəlxalq musiqi tədbirinə dünyanın müxtəlif ölkələrindən solistlər qatılır. Festivalda barokko musiqisi əsas yer tutur. Fransa, Almaniya, Çexiya digər ölkələrdən ən yaxşı barokko musiqi ifaçıları bu tədbirə dəvət edilir. Festivalın məğzi budur ki, barokko üslubunda tamaşaya qoyulmayan opera əsərləri bu festivalda səhnələşdirilərək təqdim edilir. Della valle D`Itria festivalında İlhamın əlavə olaraq birsaatlıq solo konserti təşkil edilib. O, konsertdə 12 ariya ifa edir. İfaçı deyir ki, vaxtilə Bülbül adına məktəbdə təhsil aldığı muğam dərsləri, vokal xalq musiqimiz onun proqramını rəngarəng etməyinə kömək olub. Bayatı-Şiraz muğamından boğazlar, Sarı gəlin xalq mahnısının improvizasiyaları italyan dünya vokalçıları tərəfindən maraqla qarşılanıb.

Bir festival digərinə yol açır yuxarıda qeyd etdiyimiz kimi, İlham elə oradaca dirijor Rikkardo Mutinin rəhbərlik etdiyi Ravenna festivalına qatılır. Onun ifası hər iki festivalda böyük alqışlarla qarşılanır.

 

Kontrtenorların müsabiqəsində uğur

 

İlhamın kontrtenor səs tembri sopranoya yaxındır. 2014-cü ilin oktyabr-noyabr aylarında İtaliya Almaniyada müxtəlif ölkələrdən 3 min iştirakçının qatıldığı kontrtenorların müsabiqəsinə qatılan həmyerlimiz bu yarışmada 2-ci yeri qazanır. Müsabiqənin birinci turu Almaniyada, ikinci üçüncü turları İtaliyada, qala-konserti bu ilin iyul ayında Almaniyada keçirilib. Gənc ifaçı bu müsabiqədə ikinci yerə layiq görülməsini karyerasında mühüm hadisələrdən biri kimi dəyərləndirir.

Yeni nailiyyətlərə doğru

 

 

İlham Nəzərov TÜRKSOY-un təşkilatçılığı ilə sentyabr ayında keçiriləcək ənənəvi opera festivalına da hazırlaşır. Eyni zamanda beynəlxalq müsabiqədə iştirak etmək üçün proqram üzərində çalışır. Həmçinin Rikkardo Muti ilə birlikdə konsertlərə dəvət alıb. Bu, onun həyatında mühüm addımlardan biridir. Məşhur dirijorun məktəbini keçmək, onunla bir səhnəni bölüşmək çoxlarının arzusudur.

İlham Nəzərov əldə etdiyi uğurlarda müəllimlərinin böyük əməyini heç vaxt unutmur. Bakı Musiqi Akademiyasında ona dərs deyən Gülarə İmanova D'Arte Lirica Akademiyasında Vincenzo De Vivonun xidmətlərini xüsusi vurğulayır. Deyir ki, məni kəşf etdiklərinə, qazandığım nailiyyətlərə görə bu iki şəxsə minnətdaram.

İtaliyada təhsil aldığı zaman İlham Nəzərovu akademiyanın ulduzu adlandırırmışlar. İnanırıq ki, o, opera sənətində Azərbaycanın parlaq ulduzu olaraq ölkəmizi hər zaman yüksək səviyyədə təmsil edəcək. Gənc ifaçıya yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Lalə Azəri

Mədəniyyət.-2015.- 29 iyul.- S. 6.