Turistləri qədim abidələr daha çox maraqlandırır

 

Mədəni irs nümunələrinin lazımi səviyyədə təqdim olunması turizmin inkişafı üçün zəmindir

 

Bu gün dünyada ənənəvi, sırf istirahət niyyətli turist səfərləri ilə yanaşı, təbiət, tarix, mədəniyyət abidələrini ziyarət, ayrı-ayrı ölkələrin mədəni irsi ilə tanışlıq məqsədli turlar da geniş yayılmaqdadır.

 

Azərbaycan TurizmMenecment Universitetinin prorektoru Eldar Aslanovun sözlərinə görə, ölkəmizdə turizm istiqamətinin inkişaf etdirilməsi üçün geniş imkanlar varson illər bu sahədə bir sıra addımlar atılır: Qobustan qoruğunda yeni beynəlxalq standartlara uyğun müasir muzey kompleksinin yaradılması, Atəşgah məbədində aparılan təmir-bərpa işləri milli-mədəni irsimizin öyrənilməsinə, onun turizm vasitəsilə dünyaya tanıdılmasına misaldır. Regionlarda tarix-mədəniyyət abidələrinin təmir-bərpası, tədqiqi və təbliği də mədəni turizmin inkişafına xidmət edir. Qədim Ağsu şəhər yerində arxeoloji muzey kompleksinin yaradılması buna nümunədir.

Prorektor hazırda Qafqaz Albaniyası ilə bağlı dövlət proqramının hazırlandığını dedi. Sənəd Azərbaycanın qədim dövlətçilik tarixində mühüm yeri olan Qafqaz Albaniyasının irsinin təbliği, öyrənilməsi və turistik məqsədlər üçün istifadəsini də özündə əks etdirəcək: Nəzərə alsaq ki, bu gün dünyanın bir çox ölkələrində turistləri qədim dövrün abidələri cəlb edir, onda Qafqaz Albaniyası dövrünə aid olan 600-dən çox abidənin turistlərdə böyük maraq doğuracağını təxmin etmək mümkündür. Bu abidələr Qəbələdə, Şəkidə, Gədəbəydə, ölkəmizin şimal və qərb bölgəsindəki digər rayonlarda mövcuddur. Onların öyrənilməsi, tədqiqi, bərpa olunub turizm məhsulu kimi təqdim edilməsi çox vacibdir. Beləliklə, biz mədəni irsimizi turizm nümayiş obyekti olaraq təbliğ etməklə həm onların yaşadılmasına, gələcək nəsillərə çatdırılmasına nail oluruq, eyni zamanda da ölkəmizə çoxsaylı turistlərin gəlməsinə şərait yaradırıq.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.-2015.- 29 iyul.- S. 9.