Xalqların musiqi dünyası Şəkidə birləşir

 

"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı başlayır

 

İyulun 1-dən 5-dək Şəkidə "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu məqsədlə iyunun 30-da Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil edildi.

 

İttifaqın sədri, festivalın bədii rəhbəri, Xalq artisti Firəngiz Əlizadə bildirdi ki, bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi, sülhün, dostluğun və həmrəyliyin tərənnümü olan idman şöləni indimusiqi bayramı ilə davam edir: Şəkidə "İpək Yolu" festivalı altıncı dəfə keçirilir. Musiqi bayramı hər dəfə yeni ideyalarla zənginləşir. Bu dəfə isə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin təqdimatı olacaq.

Qeyd olundu ki, festivalda Şərq və Qərb ölkələrindən gəlmiş tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqi əsərləri səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər. Azsaylı xalqların festivalda təmsil olunması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək. Burada onlar milli geyimləri, milli musiqi alətləri, mərasimləri ilə çıxış edəcəklər. Budəfəki festivalın daha bir yeniliyi konsert proqramları ilə yanaşı, toy, xınayaxdı və bu kimi mərasimlərin də təşkil edilməsidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov bildirdi ki, qurum ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinin qorunması ilə bağlı mühüm işlər görür. Dövlətimizin böyük önəm verdiyi multikulturalizm və tolerantlıq Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir.

Türkiyə və Polşa səfirliklərinin nümayəndələri festivalda bu ölkələri təmsil edəcək musiqi kollektivləri barədə məlumat verdilər.

Sonra festivalın proqramı açıqlandı. Bildirildi ki, tədbirin ilk günü Şəki Xan sarayında Yaponiyanın "Kamıqata sumıyoşı kaı" ansamblının konserti olacaq. Həmin gün axşam şəhərdəki Yay teatrında Türkiyənin "Çukurova" Dövlət Simfonik Orkestrinin konserti ilə festivalın təntənəli açılış mərasimi keçiriləcək. Orkestrin dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.

Festivalın ikinci günü Şəki Musiqi Kollecində Toğrul Qəniyevin ustad dərsi və kollecin tələbələrinin çıxışı olacaq. Axşam Kiş kəndindəki alban məbədində Polşanın "AcCello Duo" instrumental dueti konsert proqramı təqdim edəcək.

İyulun 3-4-də isə Yuxarı KarvansarayYay teatrı azsaylı xalqların - ləzgi, tatar, tat, kürd, Ahıska türkləri, talış, avar, udin, ingiloy, saxurrus icmalarının folklor qruplarının ixtiyarına veriləcək. Ayın 4-də Şəkinin "Zirvə" ansamblı da konsert proqramı ilə çıxış edəcək.

Muğamsevərlər üçün iyulun 5-də Şəki Xan sarayında gənc xanəndə Arzu Əliyevanın solo konserti təşkil olunacaq. Həmin gün axşam Yay teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Konsertdə Bəstəkarlar İttifaqının nəzdində beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin rəhbərliyi ilə fəaliyyət göstərən "Baku Simfonietta" orkestri çıxış edəcək.

 

Lalə Azəri

Mədəniyyət $g 2015.- 1 iyul.- S.4.