“Sənətdə sirr olmalıdır”

 

Əməkdar rəssam Qəyyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Ölkəmizdə və xaricdə fərdi sərgiləri keçirilib. Onunla Əmircandakı emalatxanasında görüşüb söhbətləşdik.

 

- Qəyyur müəllim, maraqlı obrazlarınız, üslubunuz var. Haçandan bildiniz ki, öz yolunuzu, üslubunuzu tapmısınız?

- Heç ağlıma da gəlməzdi ki, mən belə üslubda tablolar yarada bilərəm. Hər bir rəssam çalışır ki, sənətdə öz yolu olsun. 1977-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirəndə öz yolumu yaratmaq haqqında düşünürdüm. Bu üslubda ilk işimi 1982-ci ildə çəkmişəm. O çağacan öz yolum yox idi. Həmin il tanınmış Azərbaycan şairəsi Heyran xanımın (1790-1848) bir kitabı əlimə keçdi. Çox qəmli şeirləri vardı. Heyran xanımın rəssam tərəfindən çəkilmiş obrazı yox idi. Mən onun obrazını işlədim və əsərin adını daHeyran xanım” qoydum. Beləliklə, indiki üslubda özümün ilk əsərimi yaratdım.

1984-cü il idi. Əhmədlidə kiçik bir emalatxanam vardı. Rəssamlar İttifaqının o vaxtkı sədri Yusif Hüseynov, Elbəy Rzaquliyev və başqalarından ibarət komissiya sərgi üçün əsərlər yığırdılar. Mən də sərgiyə iki əsər seçmişdim. BiriHeyran xanım”, o birisiadi, ənənəvi idi. “Heyran xanım” əsərim komissiyanın diqqətini çəkdi, sərgiyə götürdülər.

- Deyəsən, sizin üslubunuzda çəkmək istəyənlər də olub?

- Bir-iki nəfər çəkmək istədi, ancaq alınmadı. Ona görə ki, bu, mənim yolumdur, onun incəliklərini mən bilirəm. Mənim təsirimə yalnız axtarışda olan gənc rəssamlar düşə bilərlər. Bu, təbiidir. Yaradıcılığı formalaşmış rəssam belə edə bilməz.

- Sizin əsərlərinizdə işıq-kölgə təzadı çox güclüdür.

- Bunun da incəlikləri var. İşıqlı olacaq yerləri öncədən rənglə boyayıram. Quruyandan sonra onun üstündən hansı rəngi vururamsa, o yer daha işıqlı qalır. Orta əsrlərdə belə işləyirdilər.

- Əsərlərinizdə rəmzlər çoxdur. İnanırsınızmı ki, tamaşaçılar həmin rəmzləri sizin nəzərdə tutduğunuz kimi başa düşəcəklər?

- Yox, əmin deyiləm. Mənim nəzərdə tutduğumu Allah bilir. Tamaşaçı mənim kimi birəbir anlaya bilməz. Bunların içərisində dini məzmunlu əsərlər də var. Elə şeylər var ki, izaha gərək yoxdur, onu duymaq gərəkdir.

- Belə çıxır ki, gələcəkdə əsərlərinizi hərə öz bildiyi kimi yozacaq?

- Sənətdə sirr olmalıdır. Leonardo da VinçininMona Liza”sı indisirlidir...

- Əsərlərinizi neçəyə satırsınız?

- Baxır harada. Bakıda bir, Moskvada başqa qiymətə. Bakıda uzağı 20 min manata satılır. Bir dəfə 50 min manata da satmışam. Bundan yuxarı olmayıb. Ümumiyyətlə, əsərlərim 3, 5, 7, 10 min manata satılır. Elə vaxtlar olub, 300 manata da satmışam.

- Obrazlarınız keçmişin, yoxsa gələcəyin insanlarıdır?

- Məncə, daha çox keçmişin.

- Sizdə avanqard, kubizm janrında da əsərlər var...

- Bunlar mənim avanqardım kubizmimdir. Avanqard təkcə Qərbə aiddir? Şərqdə avanqard ola bilməz?

- Sizcə, Azərbaycan rəssamlığı dünyada necə tanınır?

- Ümumən, Qərbdə Şərqə qarşı qısqanclıq var. 2000-ci ildə ingilislər bir neçə dildəDünya təsviri incəsənət tarixiadlı kitab çap ediblər. Orada qədim Misir, Şumer, Assuriya, yunan, Avropa incəsənəti geniş əksini tapıb. İslam şərqindən iki rəssamı daxil ediblər: Sultan Məhəmməd Kəmaləddin Behzadı. Buddizm şərqindən bir çinli bir yapon rəssamı daxil ediblər. Orada XX əsrdə yaşamış, yaxud indi sağ olan rəssamlar var, ancaq bizim Səttarı salmayıblar. Məncə, dünyanın bizə münasibəti aydındır.

Özümə gəldikdə, əsərlərim Türkiyədə, İranda, Əlcəzairdə, Tunisdə, Rusiyada, Avropa ölkələrində nümayiş olunub.

 

S.Soltanlı

Mədəniyyət.-2015.- 3 iyul.- S. 8.