Avropa Oyunlarının ulduz elçiləri mükafatlandırılıb

 

İyulun 1-də “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) inzibati binasında mötəbər yarışın ulduz elçilərinin missiyasının başa çatması münasibətilə mükafatlandırma mərasimi təşkil olunub.

 

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq yarışların yüksək səviyyədə təşkil edildiyini və Azərbaycanın dünyanın idman tarixində yeni səhifə açdığını diqqətə çatdırıb: “Birinci Avropa Oyunlarının uğuruna verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Gərgin qrafikinizin olmasına baxmayaraq, Oyunların təbliğinə geniş vaxt ayırdınız. “Bakı-2015”in məşəlinin “Atəşgah” məbədindən alovlandırıldığı gündən Azərbaycanın regionlarına səfərinədək ulduz elçilər xalqın arasında oldular, onları yarışlara səslədilər və təmsil etdikləri idman növünü təbliğ etdilər”.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ulduz elçilərimizin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Vurğulanıb ki, birinci Avropa Oyunları ərəfəsində ulduz elçilərin seçimi prosesi çox çətin oldu. Həmin şəxslər fanatlarının və sosial şəbəkələrdə izləyicilərinin sayı ilə müəyyən edildi. Ölkəmizdə populyar insanlar Oyunlara cəlb edildilər və bunun uğurlu nəticəsi də göz qabağındadır.

Birinci Avropa Oyunlarının ulduz elçisi Azər Qərib “Bakı-2015”in bir parçası olduğu üçün özünü xoşbəxt hiss etdiyini və mötəbər yarışın təkcə ölkəmizdə deyil, bütün dünyada maraqla izləndiyini diqqətə çatdırıb.

Sonda “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçilərinə sertifikat və xatirə hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 9.