Respublika Uşaq Kitabxanasında Avropa kitablarının sərgisi

 

F.Köçərli adına Respublika Uşaq kitabxanası Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar Eurochildbook-2015 adlı kitab sərgisi keçirdi. Sərgidə 40-dan çox ölkənin uşaq ədəbiyyatı nümayiş olunurdu.

Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) milli bölmələri tərəfindən (Finlandiya, Gürcüstan, Norveç, Sloveniya, Moldova, Rusiyas.) idman mövzusunda kitabxanamıza göndərilən kitabların nümayişi uşaqların çox xoşuna gəldi. Sərgi iyunun 10-dan 30-dək davam etdi. Hər gün Bakı məktəblərindən sərgiyə baxmağa çoxlu sayda uşaq gəlirdi. Bu sırada Dünya məktəbi, Səbail rayonu 7 saylı, Osman Mirzəyev adına 190 saylı məktəbi, Nəsimi rayonundakı 42, 28, 164 saylı məktəbləri göstərmək olar.

Yüksək estetik zövqlə, bədii tərtibatla işlənmiş kitablar haqqında maraqlı fikirlər söylənildi. Uşaqlarda ilk Avropa Oyunları böyük sevinc yaratdı. Sərgi zamanı onlar yarışlarla bağlı təəssüratlarını həmyaşıdları ilə bölüşür, Azərbaycan idmançıları tərəfindən qazanılan uğurlara sevinirdilər.

Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi Göy qurşağı uşaq jurnalı və Avropa Oyunlarının rəmzi olan Nar şəkilli papaq hədiyyə edildi. İnanırıq ki, uşaq kitablarının sərgisi də I Bakı Avropa Oyunları kimi balaca oxucularımızın yaddaşından silinməyəcək.

 

Zahirə Dadaşova,

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini

Mədəniyyət.-2015.- 3 iyul.- S. 14.