Vətən uğrunda! hərbi-vətənpərvərlik mahnı müsabiqəsinə yekun vurulub

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, nazirliyin birləşmiş həmkarlar təşkilatının və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş Vətən uğrunda! hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin qala konserti Şəmkir birliyinin əsgər klubunda keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl mahnı müsabiqəsinə və iştirakçılara həsr olunan videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının xalq artisti Azərin, Müdafiə Nazirliyi birləşmiş həmkarlar təşkilatının sədri Abuhəyat Dadaşova və polkovnik Elşad Əbilov çıxış edərək bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd əsgər və zabitlərimizin, eləcə də gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi, milli mədəniyyətimizin, musiqimizin təbliği ilə yanaşı, yeniyetmə və gənclərdə hərbi xidmətə olan diqqət və marağın artırılmasıdır.

Müsabiqə cəbhəyanı bölgədə yerləşən bütün hərbi hissələri əhatə etdiyindən Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tərtər, Beyləqan, Füzuli rayonlarından olan hərbi qulluqçular və gənclərin fəallığı daha çox müşahidə edilib. Müsabiqə dövründə yeniyetmə və gənclər hərbi hissələrdə ordu həyatı ilə yaxından tanışlıq imkanı əldə ediblər. Mahnı müsabiqəsi bir daha göstərib ki, gənclərimizin vətənpərvərlik ruhu, döyüş əzmi, Vətənə, xalqa sədaqət hissləri yüksəkdir.

Seçim turlarında daha çox fərqlənən finalçılar Sabir Hüseynov, Sabir Əliyev, Rəşad İsmayıl, Abdulla Mədinovun ifaları alqışlarla qarşılanıb.

Münsiflər heyətinin qərarına əsasən, Sabir Əliyev və Rəşad İsmayıl birinci, Sabir Hüseynov ikinci, Abdulla Mədinov isə üçüncü yerə layiq görülüblər.

Tədbirin sonunda xalq artisti Azərin əsgər və zabitlərimizi qələbəyə səsləyən mahnılar ifa edib.

Sonda müsabiqə qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.2.