"Ən yaxşı vətənpərvər tədqiqatçı alim"

 

İyulun 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor İsrafil İsrafilova Avropa Nəşr Mətbuat Evi (ANME) tərəfindən təsis olunan "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı təqdim olunub.

Qurumun rəhbəri Şöhrət Səlimbəyli çıxış edərək bildirib ki, təsis olunan bu mükafat Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahəsində böyük xidmətləri olan simalara təqdim olunur. Qeyd edilib ki, İsrafil İsrafilov bu mükafata mədəniyyət sahəsində pedaqoji fəaliyyətinə, elmi-publisistik yazılarına və silsilə tədqiqatlarına görə layiq görülüb.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət sənətşünas alim haqqında gənclik xatirələrini bölüşərək onu mükafat münasibətilə təbrik edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Babək Qurbanov, xalq artistləri Ramiz Novruzov və Firəngiz Mütəllibova çıxış edərək İsrafil İsrafilovun rəhbərliyi altında teatr kollektivinin əldə etdiyi uğurlardan söz açıblar.

Sonda İsrafil İsrafilov çıxış edərək mükafata görə Avropa Nəşr Mətbuat Evinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.5.