Avropa Oyunları zamanı Qobustanı 9 mindən çox turist ziyarət edib

 

Birinci Avropa Oyunları zamanı yüzlərlə xarici turistin üz tutduğu məkanlardan biri də Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Milli Tarixi-Bədii Qoruğu olub.

 

Oyunların keçirildiyi günlərində Qobustan Milli Tarixi-Bədii Qoruğunu 9 min 242 nəfər turist ziyarət edib. Qoruq idarəsindən bildirilib ki, onlardan 1826-sı xarici turistlərdir. Bu tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasından qonaqlar çoxluq təşkil edib. Xarici turistlərdən 275-i Rusiya, 221-i Almaniya, 160-ı ABŞ, 119-u İtaliya vətəndaşları olub.

Qalan 1051 xarici turist isə müxtəlif ölkələri - Koreya Respublikası, Polşa, İran, Türkiyə, Hollandiya, Çexiya, İsrail, İspaniya və digər ölkələri təmsil edib.

Qobustanı görməklə qonaqlar Azərbaycanda qədim insanların məişəti haqqında geniş məlumat əldə ediblər. UNESCO-nun Dünya İrs Siyahısında yer alması Qobustanı daha da tanıdıb. Avropalı mütəxəssislər qoruqda yaradılan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına daxil ediblər.

Qeyd edək ki, ərazidə turistlərin rahat istirahət etməsi və gəzməsi üçün hər cür şərait yaradılıb. Qoruğun ümumi sahəsi 4530 hektardır. Burada yeni inşa olunan muzey isə 12 ekspozisiya zalından ibarətdir. Digər muzey binaları ilə müqayisədə, Qobustan Milli Tarixi-Bədii Qoruğunun muzey kompleksi orijinal və fərqli memarlıq dizaynına malikdir. Hər otağın özünəməxsus mövzusu var.

Yeni mövzu, yeni təcrübələr, yeni sürprizlər və əyləncə - bütün bunlar Avropa Oyunları zamanı Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət etməyə gələnlərdə ölkəmizin qədim tarixi ilə bağlı zəngin təəssürat yaradıb.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.7.