Tikdim ki, izim qala...

 

Görkəmli memar Mikayıl Hüseynov Azərbaycan

 memarlığının inkişafında müstəsna xidmətlər göstərib

 

Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, akademik Mikayıl Hüseynovun tərcümeyi-halını vərəqlədikcə təəccüb və heyrətini gizlədə bilmirsən. Çünki bir insan ömründə bu qədər layihələri necə reallaşdıra bilər?

Taleyin qismət elədiyi ömür payında Mikayıl Hüseynov sahəsinin bütün elmi titullarını, çoxsaylı mükafatlarını qazanıb, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olub, Əməkdar incəsənət xadimi və SSRİ-nin Xalq arxitektoru fəxri adlarına layiq görülüb. Sənətkarın sinəsini üç Leniniki “Qırmızı bayraqordeni, çoxlu medallar bəzəyib.

Azərbaycan memarlığının inkişafında böyük xidmətlərinin nəticəsidir ki, Prezident İlham Əliyev 1 iyun 2015-ci il tarixdə görkəmli sənətkarın 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirmiş və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaratmışdır. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri var.

Mikayıl Ələsgər oğlu Hüseynov 19 aprel 1905-ci ildə Bakıda dünyaya göz açıb. Atası neftçi olsa da, yüksək mədəniyyətə və müasir dünyagörüşünə sahib olub. O, zadəgan nəslinin nümayəndəsi olduğu üçün 1920-ci illərin zorakı qayda-qanunlarına və əmlakının ictimailəşməsinə dözməyərək dünyasını dəyişir. Həyat yoldaşı Fatimə xanım üç övladı ilə məhrumiyyətlərin ağuşuna atılır. Mikayılın qəlbində erkən çağlardan memar olmaq arzusu baş qaldırır. Bu arzu ilə böyüyürorta məktəbi qurtaran ili Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olur.

Tələbəlik illərindən mədəniyyət yadigarlarına fərqli baxışı ilə diqqəti çəkir. Belə ki, o, Şirvanşahlar sarayının dəqiq ölçülərini aparır və kompleksin müasir şəklini yaradır. Daha sonra dahi şair-mütəfəkkir Nizami Gəncəvi abidəsinin layihə müsabiqəsində iştirak edirmükafata layiq görülür. Hökumət evinin layihəsi ilə bağlı müsabiqə memarın yaradıcılığında xüsusi mərhələ olur. O, gözəl bir memarlıq əsərinin layihəsini yaradır.

Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması isə 1930-cu illərə təsadüf edir. Bu dövrdə memar Bakının müxtəlif rayonlarında bir sıra binaların layihələrini verir və saysız-hesabsız memarlıq əsərlərinin müəllifinə çevrilir. Hazırda paytaxtımızın memarlıq mənzərəsində özünəməxsus yer tutan AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, M.F.Axundzadə adına Milli Kitabxana, Elmlər Akademiyasının kompleks şəhərciyi, Bakı Metropoliteninin “Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri Mikayıl Hüseynovun adı ilə bağlıdır. O, həmçinin Düşənbədə “Rudəki” abidəsinin memarlıq işlərini görüb, Orconikidze (indiki Vladiqafqaz) və Qroznı şəhərlərində bir sıra mehmanxanaların layihə müəllifidir.

Onun əsrarəngiz memarlıq əsərlərinə münasibət bildirən Əməkdar memar Kamil Dadaşzadə deyib: “Bu layihələr funksional həllin rasionalizmi, kompozisiya quruluşunun dəqiqliyi və cəlbedici plastikası ilə seçilirdi”.

Sənətkara 1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı veriləndə Azərbaycan Memarlar İttifaqı idarə heyəti onun əməyini belə qiymətləndirib: Sosial bərabərliyi, humanist ideyaları özündə əks etdirən memarlıq əsərləriniz, doğrudan da, mənsub olduğunuz xalqın, eləcə də dünya xalqlarının tikinti mədəniyyətinin zəngin ənənəsi, qabaqcıl təcrübəsi ilə yaxından bağlıdır. İnsanlar üçün çalışmaq, estetik mənada həyat və məişət tələblərinə, daha yaxşı işləmək və istirahət etmək arzularına funksional cavab verə bilən əsərlər yaratmaq sizin yaradıcılıq amalınız olmuşdur”.

M.Hüseynov eyni zamanda bir çox yaşayış evlərinin də layihəsini verib. Xüsusilə, II Dünya müharibəsindən sonra bu sahədə geniş fəaliyyət göstərib. Bu fəaliyyətinə görə Bakı şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

1985-ci ildə Londonda İngiltərə Memarları Kral İnstitutu “Bakının memarlığı” sərgisini təşkil edir. Sərgidə sənətkarın Azərbaycanın paytaxtının müasir görkəminin formalaşmasında və yeni memarlıq məktəbinin yaranmasında rolu qeyd edilir. M.Hüseynov 1992-ci ildə Beynəlxalq Memarlar Akademiyasına (BMA) fəxri üzv seçilir. Akademiyanın prezidenti Y.H.Rozanov memara təbrik məktubunda yazır: “Mən əminəm ki, sizin istedadınız və təcrübəniz akademiyaya böyük xeyir gətirəcək və siz dünya memarlığının görkəmli nümayəndəsi kimi BMA-nın qarşısında duran xeyirxah məqsədlərin həyata keçməsi üçün dəyərli işlər görəcəksiniz”.

AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı hər bir yaradıcı fəaliyyətin fövqündə insanlığın dayandığını deyir, bu mənada Mikayıl Hüseynovun şəxsiyyətini yüksək qiymətləndirir:Dünya şöhrətli memar, alimpedaqoq Mikayıl Hüseynov, həqiqətən, böyük insan idi. Memarlıq və İncəsənət İnstitutunda ona böyük hörmət və məhəbbətlə yanaşılırdı. O, otağından çıxarkən sanki dəhlizdə hərəkət dayanırdı. Qarşılaşdığı hər kəsə bir-bir salam verərdi. Gənc alimlərlə tez-tez görüşər və onların qayğıları ilə maraqlanardı. Yeri gəldikdə maddi köməyini də onlardan əsirgəmirdi. Görkəmli sənətkarın qayğı ilə yanaşdığı gənc mütəxəssislərdən biri də mən olmuşam... Mikayıl Hüseynov həm də tədqiqatçı alim idi. O, Azərbaycan memarlığının dünya mədəniyyətindəki yerinirolunu göstərib. Memarlıq tariximizin öyrənilməsində bir sıra nəzəri məsələlərin araşdırılması onun elmi fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Tədqiqat əsərləri Azərbaycanın memarlıq elmi üçün çox qiymətlidir”.

Mikayıl Hüseynov uzun illər məsul vəzifələrdə çalışıb, Azərbaycan Memarlar İttifaqına sədrlik edib, Azərbaycan Elmlər Akademiyası Arxitektura və İncəsənət İnstitutunun direktoru olub. İki çağırış SSRİ Ali Sovetinə, dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1985-ci ildə İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında Böyük Britaniyaİrlandiya Kral Asiya İcmasının fəxri üzvü seçilib.

Dünya şöhrətli memar 1992-ci il oktyabrın 7-də, 87 yaşında vəfat edib.

 

Savalan Fərəcov

Mədəniyyət.-2015.- 8 iyul.- S.11.