Musiqi Mədəniyyəti Dövlət Muzeyində yeni eksponatlar

 

Əməkdar jurnalist Qalina Mikeladze Azərbaycan baletinə həsr olunmuş arxivini muzeyə hədiyyə edib

 

İyulun 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Əməkdar jurnalist Qalina Mikeladze ilə görüş keçirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək əlamətdar bir hadisə münasibətilə toplaşdıqlarını diqqətə çatdırdı: Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna yeni eksponatlar daxil olur. Tanınmış jurnalist Qalina Mikeladze öz kolleksiyasını - uzun illər ərzində topladığı Azərbaycan baletinə həsr olunmuş arxivini muzeyimizə hədiyyə edir. Bu kolleksiyada nadir fotoşəkillər də mühüm yer tutur.

Qeyd olundu ki, Qalina Mikeladze uzun illərdir ölkənin mədəni həyatını fəal işıqlandırır. Dövri mətbuatda dərc olunan çoxsaylı məqalələrindən başqa, onun bir neçə kitabı da nəşr olunub ki, onlardan biri də "Azərbaycan baleti"dir. Kitaba son iyirmi ildə mətbuatda dərc olunmuş və Azərbaycanda xoreoqrafiya sənətinin yarandığı vaxtdan bu günədək onun inkişafı ilə bağlı hadisələrin salnaməsi olan oçerklər, müsahibələr, resenziyalar daxil edilib.

Sonra söz Qalina Mikeladzeyə verildi. Təhsil illərindən, mətbuatda fəaliyyətindən söz açan jurnalist gənclik çağlarında paytaxtımızın qaynar mədəni həyatını - teatr tamaşalarını, konsertləri, Bakı sirkinin unudulmaz təqdimatlarını xatırladı. Bildirdi ki, mədəniyyət sahəsini ona sevdirən məhz məktəb illərindən mütəmadi izlədiyi teatr tamaşaları olub.

Q.Mikeladze M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirərək əmək fəaliyyətinə Gürcüstan Yazıçılar İttifaqının nəşriyyatında redaktor kimi başlayıb, sonra Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında çalışıb. 1950-ci ilin sonunda "Bakinski raboçi" qəzetində işləyib, uzun illər "Sovetskaya torqovlya" ümumittifaq qəzetinin Zaqafqaziya müxbir məntəqəsinin müdiri olub. 1993-cü ildə "Günay" qəzetidə fəaliyyət göstərib, 13 il baş redaktorun müavini vəzifəsində çalışıb. Hazırda "1news" informasiya agentliyində işləyir.

Mədəniyyət incəsənət xadimlərinin iştirak etdiyi tədbir klassik musiqi proqramı ilə davam etdi. Konsertdə Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ülviyyə Hacıbəyova Soltan Hacıbəyovun "Gülşən" baletindən Adajio, Əməkdar artist Töhfə Babayevanın (skripka) ifasında klassik əsərlər təqdim edildi.

Muzeyin foyesində Qalina Mikeladzenin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi zəngin arxiv materiallarından ibarət sərgi nümayiş olunurdu.

 

L. Azəri

Mədəniyyət.-2015.- 10 iyul.- S.5.