"Türk akademik musiqisinin babası"

 

Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə əsər yazıb

 

Üzeyir Hacıbəylinin ev-muzeyi ilə Qazaxıstanın Bəstəkarlar İttifaqı və Milli Filarmoniyası arasında əməkdaşlıq əlaqələri davam edir.

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov bildirib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində bir neçə simfonik musiqi əsərləri yaranıb. Belə ki, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kıdırbek Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin dövlət səviyyəsində keçiriləcək 130 illik yubileyi münasibətilə möhtəşəm əsər bəstələyib.

"Türk akademik musiqisinin babası" adlanan bu əsər artıq hazırdır və yaxın vaxtlarda muzeyə təqdim olunacaq. Bir hissədən ibarət olan əsər orijinallığı ilə seçilir. Dahi bəstəkarın xatirəsinə həsr olunan əsərin 130 illik yubiley festivalı çərçivəsində səslənəcəyi gözlənilir.

Qeyd edək ki, Qazaxıstan Milli Filarmoniyası mövsümə Sərdar Fərəcovun "Koroğlu simfonik freskası" əsəri ilə yekun vurub.

 

Mədəniyyət.-2015.- 10 iyul.- S.11.