Xalqın təbli həbibi və təbibi...

 

Qəbri uzun müddət naməlum qalsa da, qədri hər vaxt bilinmiş Abbas Səhhət

 

Bu yazı ki ilk ali təhsilli həkimlərimizdən olmuş gözəl şairimiz haqda qədir-qiymət kəlməsilə başladı, fikirim başqa bir zikrə də getdi; ictimai-siyasi tərcümeyi-halımızdakı nəhəng şəxsiyyətlərimizə və sıravi istiqlal mücahidlərimizə qəni-rəhmət və məhəbbət, müstəqilliyimizi bərpa edən və qoruyub-saxlayanlara böyük sayğılar, bütün bunlara rəvac vermiş ulu Tanrıya şükürlər!..

 

Bu “giriş”dəki nüansı - sənət adamları ilə siyasət simalarımızı “tərəf-müqabil”ləmə cəhdimizi duyanlara isə təşəkkürlər...

Məsələ burasındadır ki, diqqətinizə çatdırmağa çalışdığım bu istedadlı, maraqlı, lakin layiq-yetərincə məşhurlaşmamış ədibimizin öz ömür-axır çağlarında erməni daşnakları qarşısıyca Şamaxıdan Gəncə tərəfə qaçış faktını, mən, onun bir soydaşı və oxucusu kimi, heç cür sinirə bilmirəm!

Təsəvvür edin; özünün el-ölkə ilə, millətinin dünya ilə bir adı olan, ağrılardan üzülən xəstələrinə “bərk dur, dözümlü ol”, məktəblərdə şagirdlərinə “siz qəhrəmanlar övladısız, heç nədən qorxmamalısız!” deyən, qəzet və kitablarında “Əhmədin şücaəti”, “Azadlığa mədhiyyə” kimi şeir-poemalar yazan şan-şöhrətli, abır-ismətli, ağır bir kişi düz-əməlli milli-etnik-demoqrafik əsli-kökü olmayanların qarşısı ilə... qaçır!

“Maraqlıdır” ki, yetmiş ilə yaxın müddətdə bizlər həmin o qovanları həmin o qaçan(lar)dan haha çox “sevməyə” məhkum olmuş, qovulan(lar)ımızı qovanları”mız”dan az tanımışıq...

Hələ də yaxşı tanımadığımız -

 

Bu kişi -

 

“Vətəni sevməyən insan olmaz, Olsa da, ol şəxsdə vicdan olmaz!” müəllifi -

Mehdizadə Abbas Əliabbas oğlu... Gözəl şair, dövrünün maraqlı dramaturqu, dünya ədəbiyyatından dilimizə çevirdiyi nümunələri bu gün də köhnəlməmiş tərcüməçi, ədəbiyyatımızın romantizm cərəyanının parlaq nümayəndəsi...

“Səhhət” təxəllüsü ilə yazıb-yaratmış bu şair 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. Uşaqlıqda, demək olar ətrafındakıların heç birinin diqqətini cəlb etməyən Abbas ilk gəncliyində düşüncə və qabiliyyətlərilə bütün Şamaxını heyran edir. Atasının və tez-tez “mökəm zökəm” olan qonşu qarının da arzularına müqabil olaraq, “doxdurluq dalısıyca” gedir.

Məşhəd və Tehran şəhərlərində tibb təhsili alır. Həmin şəhərlərdə söz loğmanlığına vaqif olur. Bu, elə Şamaxıya dönən kimi (1901) özünü büruzə verir. Hətta bir müddət ətraf ərazilərdə “məşhur təbib” kimi ad çıxarmış Abbas tədricən həkimlik sənətindən uzaqlaşır və adi məktəblərdə, daha sonra “Realnıy məktəb”də Azərbaycan dilindən dərs deməyə başlayır. Bu sənətdən ona yadigar qalan yalnız təxəllüsü - “Səhhət” olur. Məktəblərdə dərslərinin alt qatı, məhəllələrdə, məclislərdə söhbətlərinin əsas qatqarı ədəbiyyat, poeziya, sənət və mədəniyyət ab-havasında keçir və elə Vətənə qayıdışının ertəsi ilindən qaynar ədəbi fəaliyyətə başlayır.

1903-cü ilin əvvəllərindən “Şərqi-Rus” qəzetində maraqlı məqalələrlə çıxış edir. İki il keçməmiş, yazılarının sayı və həcmi ilə bərabər, məna-mahiyyətləri də böyüyür; artıq o, “Yeni poeziya necə olmalıdır?” kimi ədəbi-tənqidi mövzularda, “Poetik nitqxüsuslu göstərilərdə gəzişməyə başlayır, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” kimi şeirlərilə ictimai-siyasi, milli-mənəvi mayakları hədəfləyir.

Dövrün ən vacib problemlərindən olanYeni üslublu məktəblər” ideyasının ən milliyorulmaz müdafiəçilərindən olan Abbas Səhhət, bir çox ümummilli sahələrlə bahəm, bu işin də fədakarına - Əli bəy Hüseynzadəyə sidq-ürəkdən köməkliklər edir, bir müddət sonra isə onun banisi olduğu Azərbaycan romantizm ədəbi cərəyanına qoşulur, “Füyuzat” jurnalında (1906-1907-ci illər) bu səpkidə gözəl bədii nümunələrlə çıxış edir.

Müasirləri yazırdılar ki, Abbas Səhhətin imzasını görmək istəyənlər hansısa bir qəzet-jurnal axtarmasın, istənilən nəşri götürüb baxsın. Doğrudan da, Abbas Səhhətin o dövrdə (Bakıda) nəşr olunan bütün qəzet və jurnallarda mütəmadi çıxış etməsi faktdır. Tərcüməçiliklə də məşğul olan ədib o dövr Azərbaycan oxucusunu Lermontov, Puşkin, Krılov, Maksim Qorkib. rus yazıçıları, habelə fransız (Hüqo, Müsse, Sülli-Prüdom), almanbaşqa xalqların görkəmli şair və yazıçılarının əsərləri ilə tanış edirdi.

Ötən əsrin ikinci yarısından başlayaraq şair öz şeirlərindən ibarət “Sınıq saz” adlı sanballı bir kitab şap etdirir, ardınca Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” və “Şair, şeir pərisi və şəhərli” adlı poemaları nəşr olunur.

Yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi nəhənglərinin təsiri olmuş Abbas Səhhət türk xalqları ədəbiyyatları ilə daha yaxından maraqlanmış, xüsusi vurğunluqla sevdiyi Tofiq Fikrətdənsə, ayrı-ayrı yazılarında, söhbətlərində ayrıca bəhs etmişdir. Ədibin Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etməsi, İslam dəyərlərindən imtinaya qarşı çıxışları, əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləməsi də tədqiqatçıların vurğuladıqları nüanslardandır.

1908-ci il İran inqilabına dair çox gözəl əsərlər yazması, böyük M.Ə.Sabirlə çox yaxın dostluğu da o cümlədən...

Və... ilk gəncliyindən son nəfəsinədək yazıb-yaratsa da, barmaq sayı kitablar (“Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi”, “Sınıq saz”, “Kasıblıq eyib deyil” (2 pərdəli komediya), “Qərb günəşi” (tərcümələr toplusu), “Neft fontanı” (1 pərdəli komediya), “Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik” (şərikli) çap etdirən bu ədibin -

 

Ömür sonu...

 

...Tarixin hələ yazılmamış “Abbas Səhhət kitabı” ayrı-ayrı “xatirə dəftərlərində” də möhkəm yer tutmayıb. Onlardan birinin qeydlərinə görə, çünki onun ölüm macallarında “ermənilərin türk-müsəlman xalqına qarşı törətdikləri “atan kazaklardır!” kimi ibarələrilə sığallanırdı. Onun ölümünə səbəb o dövrdə yazıldığı kimi tək elə aclıq, səfalət, vəba xəstəliyi deyil, 1918-ci ildə bolşeviklərin törətdikləri qətliam idi. Belə ki, daşnakların 1918-ci il martın 31-dən aprelin 2-dək Bakıda törətdikləri qırğınlar Şamaxıda təkrarlandı. Orada 7 min dinc insan qətlə yetirildi, insanlar qədim Şamaxı məscidi içərisində yandırıldı. Bu qanlı qırğınlar zamanı Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. Ailəsi ilə birgə pay-piyadə Gəncəyə tərəf üz tutdu. Qana susamış erməni-bolşevik silahlıları bu ailəni yolda yaxalayaraq fiziki və mənəvi iztirablara məruz qoydu. Kiçik yaşlı uşaqlar üçün götürdükləri azacıq azuqə və az-para dədə-baba əmanətləri də əllərindən alındı”.

Bunlar sadəcə bir həyat hekayətinin, insan faciəsinin bədii təsviri yox, təsadüfən sağ qalanların (və uzun illər nə söyləminə, nə çapına icazə verilməyən) tarixi faktıdır. Bunu erməni-bolşevik və daşnak birləşmələrinin Bakını (müvəqqəti olsa da) susdurduqdan sonra Gəncədə işıq üzü görən “Azərbaycan” qəzetinin 1918-ci il 18 noyabr tarixli sayında - məzar yeri indi də naməlum olan Məhəmməd Hadinin “Səhhətin üfili-əbədisi” məqaləsi də təsdiq edir. Şair dostunun ölüm xəbərini Qafqaz türklərinə çatdıran Hadi yazırdı: “Şu müdhiş, şu qorxunc löleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətahe-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfili-əbədiyyəsindən hənuz Qafqaziya türklərinin xəbəri yoxdur”...

Bəyəm o illərin az gizlinclərimi hələ də gizlin?..

Bu sualları da zaman özü cavablandırar, inşallah...

 

Tahir Əhmədalılar

Mədəniyyət.-2015.- 10 iyul.- S.15.