Festivaldan festivala

 

Argentinadan festivaldan qayıdan bəstəkar və pianoçu Salman Qəmbərov

daha bir musiqi bayramına qatılmaq üçün Niderlanda gedir

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestrinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Salman Qəmbərov Argentinada keçirilən Piano Piano festivalından qayıdıb. Musiqiçi tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşdü və rəhbərlik etdiyi kollektivin gələcək layihələri haqqında məlumat verdi.

 

Həmsöhbətim öncə festivalda iştirakına göstərdiyi köməyə görə Azərbaycanın Braziliyadakı səfirliyinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Prezident Kristina Fernandes de Kirşnerin adını daşıyan mədəniyyət mərkəzində reallaşan konserti ölkəmizin Argentina və Braziliyadakı səfirliklərinin nümayəndələri də izləyiblər: Festivala məşhur musiqiçilər dəvət almışdı. Serbiyadan Bojan Zet, dünya şöhrətli musiqiçilər Danilla Peres (Panama), Bakı caz festivalının iştirakçıları olmuş Qonzalo Rubalkaba (Kuba), Kreyq Taborn (ABŞ) və başqa tanınmış ifaçılar festivala qatılmışdı.

İfaçı okeanın o tayında konsert verməkdən məmnunluğunu dilə gətirdi: Biz çox vaxt Avropada konsertlər veririk. Argentinada belə bir mötəbər festivalda iştirakımdan məmnun oldum. Festivalın art direktoru Benjamin Tautkin bizim Lətif layihəmizi festivala dəvət etdi. Bu film 1930-cu ildə Bakı studiyasında çəkilmiş "Lətif" səssiz filminə improvizədir. Festivalda Xalq artisti, tanınmış kamança ifaçısı Fəxrəddin Dadaşov və zərb alətləri ifaçısı Eldar Qafarovla birlikdə iştirak etdik. Azərbaycanlı musiqiçilərin belə festivallara qatılması çox vacibdir. Bir var ki, diaspor və səfirliklərin dəvəti ilə baş tutan konsertlər, birvar beynəlxalq əhəmiyyətli festival. Yəni sənin layihən seçilərək beynəlxalq arenaya çıxır.

Qeyd edək ki, bu, azərbaycanlı caz ifaçılarının uzaq Argentinaya ilk səfəri idi: Biz yolu açdıq və istərdik ki, o, davamlı olsun. Bizim gənc və istedadlı musiqiçilərimiz var ki, onlar musiqimizi beynəlxalq səviyyədə təmsil etməyə qadirdirlər. Ümid edirəm ki, onlar da maraqlı layihələr ortaya qoyub, belə mötəbər festivallara qatılmaq şansı qazanacaqlar. Piano Piano festivalı iyulun 3-də başlayıb və avqustun 8-dək davam edəcək. Hər gün 2-3 konsert təşkil olunur.

S.Qəmbərov Niderlandın paytaxtı Amsterdamda keçiriləcək "Bimhuis Morgenland" musiqi festivalına da dəvət alıb. İyulun 16-dan 18-dək keçiriləcək festivalda həmyerlimizi Türkiyədən olan vokal ifaçısı Aynur Doğan, kamançada Kayhan Kalhor, tənburda Cəmil Qoçgiri (İran) müşayiət edəcək. Festival çərçivəsində bir sıra türk xalq musiqilərinin də ifa ediləcəyi gözlənilir: Amsterdam with Morgenland festivalında əcnəbi musiqiçilərlə fərqli layihə təqdim edəcəyəm. Birinci layihədə Türkiyə, Amerika, Almaniya pianoçuları ilə saatyarımlıq improvizasiya nəzərdə tutulur. İkincisi, almaniyalı pianoçu ilə intuitiv ifa, nəhayət, sonda All Star Band qrupu ilə birgə konsert proqramımız olacaq.

Mahnı Teatrının simfonik estrada orkestri ilə bağlı yeniliklərdən danışan musiqiçi oktyabrın sonu - noyabrın əvvəllərində Bakıda ənənəvi caz festivalında iştirak edəcəklərini bildirdi: Orkestrlə birlikdə festivala hazırlıqla bağlı məşqlərə başlamışıq. Sentyabrda Üzeyir Hacıbəyli musiqi festivalında da iştirakımız nəzərdə tutulub. Dekabr ayında görkəmli sənətkarımız Rəşid Behbudovun 100 illik yubileyi ilə bağlı dövlət tədbirində çıxışımız olacaq. Heydər Əliyev Sarayında keçiriləcək yubiley konsertində bir neçə musiqi nömrəsi ilə çıxış edəcəyik.

Həmsöhbətim deyir ki, yeni yaranan orkestr üçün qastrol səfərləri hələ tezdir. Kollektivdə təcrübəli musiqiçilərlə yanaşı, gənclər də çoxdur: Çalışmışdıq ki, birinci konsertimiz maraqlı alınsın. Ona görə də bu proqrama kiçik həcmli əsərlər daxil etdik. Məşhur əsərləri yeni aranjimanda verdik. İxtisasım musiqişünasdır və öz işimə də hər zaman tənqidi yanaşıram. Orkestr yaranandan bizə hər cür dəstək var. Yeni musiqi alətləri, bina, səhnə geyimis. Dəstək və şərait varsa, nəticə də olmalıdır. Bakıda keçiriləcək caz festivalında Azərbaycan və xarici bəstəkarların musiqi əsərlərini yeni təqdimatda səsləndirəcəyik. Caz festivalında gürcü həmkarımla birlikdə təqdim edəcəyimiz musiqi nömrəsi "Mənim nənəm" adlı səssiz gürcü filminə improvizədir. İnanıram ki, yeni layihələrimiz musiqisevərlər tərəfindən layiqincə qiymətləndiriləcək.

Bəstəkar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet Teatrının Leyli və Məcnun tamaşasının musiqisi üzərində çalışdıqlarını da dedi. Bildirdi ki, tamaşada Üzeyir Hacıbəylinin musiqisi öz yerində qalmaqla maraqlı yeni bir aranjiman ərsəyə gətirəcəklər.

 

Lalə Azəri

Mədəniyyət.-2015.- 15 iyul.- S.7.