"Bilinməyən tarix, Nargin adası əsarəti"

 

TRT ortaq tariximizin bir dramını günümüzə gətirir

 

TRT kanalı "Bilinməyən tarix, Nargin adası əsarəti" adlı sənədli filmin çəkilişlərinə başlayıb. Çəkilişlər Bakıda, Nargin adasında Gəncədə aparılır.

Ekran əsəri I Dünya müharibəsində çar Rusiyası ordusu tərəfindən əsir götürülərək Nargin adasında saxlanılan Osmanlı əsgərlərindən onlara kömək əlini uzadan azərbaycanlılardan bəhs edir.

Layihə ilə bağlı ətraflı məlumat almaq üçün TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan, professor, araşdırmaçı-yazar Bingür Sönmez, prodüser İsmayıl Raqif Keçmənlə həmsöhbət olduq.

Ekran əsərinin mövzusuna toxunan Y.Arslan I Dünya müharibəsində əsir türk əsgərlərinin Nargin adasında saxlanılmasının ortaq tariximizin geniş ictimaiyyətə ən az məlum olan səhifələrindən biri olduğunu deyir. Onun sözlərinə görə, bu tarix eyni zamanda dostluq qardaşlığın ən çətin durumlarda necə üzə çıxdığını isbatlayır: Nargin adası həm əsarətdən dustaqlığa qaçışdır. Bu adadan Sibirə qədər uzanan türk əsirlərin hekayəsi, Azərbaycanın müstəqilliyinin hekayəsi hər kəsə bəllidir. TRT ortaq tariximizin bir nöqtəsini, bir dramını təkrar günümüzə gətirdi. Bu çəkilişlərə verdiyi dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə minnətdarlığımızı bildiririk. Artıq dekabr ayında sənədli film nümayiş etdiriləcək. Əsas məsələ bizim ortaq tariximizdir. Bu tarixi yazan da bizik, bunu ən gözəl şəkildə təqdim etmək bizim vəzifəmizdir.

Professor, araşdırmaçı-yazar Bingür Sönmezin babaları Sarıqamış döyüşünün qurbanlarındandır: İllərcə bizim ölkəmizdə Sarıqamış unutdurulmuşdu. Amma biz uzun illərdən sonra bu tarixi gündəmə gətirdik. Oradakı döyüşlər bitdikdən sonra ikinci pərdə açılır ki, bunlar da əsirlərdir. Əsir götürülən türk əsgərlərin bir qismi Gəncəyə, Tiflisə, Bakıya, digər qismi Sibirə göndərilir. Bakıya göndərilənlər Nargin adasına aparıldı. Məqsəd müsəlman xalqların onlara yardım etmələrinin qarşısını almaq idi. Amma burada azərbaycanlıların qəhrəmanlığını görürük. Rus işğalı altında olmalarına rəğmən özlərini təhlükəyə ataraq Nargindəki əsirlərə yardımlar edirlər. Adadakı vəhşəti Nəriman Nərimanov qəzetlərdə açıq şəkildə yazır: Bu ada bir Kərbəladır, burada insanlar su, yemək, çörək istəyir, - deyə o qeyd edirdi. Bakı milyonçuları, xeyriyyə cəmiyyətləri onlara kömək edirdi.

Prodüser İsmayıl Raqib Keçmən Narginlə bağlı dramın Türkiyədə bəlli olmadığını bildirir: Türkiyədə bilinməlidir ki, 1914-1918-ci illərdə Nargin adasında 10-15 min türk əsiri olub. Əsirlərin bir çoxuna Azərbaycan türkləri tərəfindən çox çətinliklə yardım edilib, əsirlikdən qaçırılaraq İran yolu ilə Türkiyəyə keçirilib. Adada həlak olan şəhidlərin çoxu orada torpağa gömülüb. Təsəvvür edin, torpağı bir qədər eşələdikdə sümüklər çıxır. Bizim məqsədimiz bu tarixi filmlə nümayiş etdirməkdir. Ona görə filmin adını "Bilinməyən tarix, Nargin adası əsarəti qoyduq. Öyrəndik ki, Nargin adası çox da gediş-gəlişi olmayan yerdir. Bununla bağlı dövlət bizə dəstəyini əsirgəmədi. Ona görə özümü çox xoşbəxt hesab edirəm. Çünki ortaya çıxacaq işin keyfiyyətli olacağına əminəm.

Filmin yaradıcı heyəti bu layihənin mediada geniş işıqlandırılması ilə bağlı istəklərini dilə gətirdilər.

 

Mehparə

Mədəniyyət.-2015.- 15 iyul.- S.11.