Bolqarıstan qəzetində Azərbaycan xalçaları haqqında məqalə

 

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Standart qəzetində III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Olia Al Ahmedin Azərbaycan xalçaları haqqında məqaləsi dərc edilib. Məqalədə xalçanın özünəməxsus sirlərinin olduğu bildirilir, onun bəzəklərində gizlədilmiş simvolların ölkənin tarixini və qədim ənənələrini əks etdirdiyi, gələcək nəsillərin yaddaşında iz qoyduğu vurğulanır.

Azərbaycan xanımlarının əsrlər boyunca xalçaya vurduqları naxışların mənasının gizli saxlandığını yazan müəllif naxışların xalqın milli-mifoloji köklərini yaşadan faktları, ailədə olan ənənələri, həyatı əks etdirdiyini diqqətə çatdırır. Müəllif xalçalardakı gül, ağac, bitki, heyvan motivlərinin açıqlamasını verir. Qanadlar, dimdik, caynaqların azadlığın və gücün simvolu kimi istifadə edildiyini vurğulayan jurnalist buynuzlarda S işarəsinin də gizli məna daşıdığını diqqətə çatdırır. Bu naxışların xalça üzərində yalnız qoruyucu vasitə deyil, həm də ezoterik məna, müsbət enerji daşıyıcısı kimi çıxış etdiyi bildirilir. Jurnalist qeyd edir ki, Azərbaycan xalçalarında bir sıra kodlaşmış simvollar var ki, bu işarələrlə müraciətlərin mənasını başa düşmək mümkündür.

 

Mədəniyyət.-2015.- 15 iyul.- S.12.