İtaliyada Azərbaycanı təbliğ edəcəyik

 

Ölkənizin musiqi mədəniyyəti, incəsənət, mətbəx mədəniyyəti və digər sahələrdə öz imzası var

 

Bir neçə ay bundan əvvəl Bakıda İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təqdimat mərasimi keçirildi. Artıq qurum layihələrini həyata keçirməyə hazırlaşır. Müsahibimiz bugünlərdə Bakının qonağı olan qurumun sədri, İtaliya Aralıq dənizi Qəzetçilər Cəmiyyətinin rəhbəri, tanınmış jurnalist Dündar Keşaplıdır. Həmsöhbətim öncə qurumun yaradılma səbəbləri barədə danışdı:

 

- Mən 26 ildir İtaliyada yaşayıram. Peşəmlə əlaqədar idman, mədəniyyət, eləcə də siyasi sahədə əlaqələrim var. Əslən türk olduğum üçün Azərbaycanla və azərbaycanlı qardaşlarıma xüsusi bağlılığım olub. Azərbaycana səfərlərim olduğundan dostluq əlaqələrim genişdir. Bu qurumu - İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətini də dostum Rəşad Qurbanovla birlikdə təsis etdik. Əsas məqsəd iki ölkə arasında mədəniyyət, incəsənət, moda, musiqi, idman sahələrində əlaqələrdə yeni səhifə açmaqdır. Deyə bilərsiniz ki, bu, necə olacaq. Məsələn, idman sahəsində klublar arasında əlaqələrinin qurulması, gənc futbolçuların yetişməsi üçün Bakıdan İtaliyaya göndərilməsi, lazım gələrsə, İtaliyadan mütəxəssislərin Bakıya gəlməsinə təşəbbüs göstərəcəyik. Mən, həmçinin İtaliyada İdman Yazarları Dərnəyi idarə heyətinin üzvü, dərnəyin beynəlxalq əlaqələr üzrə məsul işçisiyəm. Bu yöndə də azərbaycanlı həmkarlarımla işbirliyi qurmaq istəyirəm. İstərdim ki, azərbaycanlı həmkarlarımın İtaliyada idman xəbərlərinin hazırlanması ilə yaxından tanışlığı, media sahəsində yeni təcrübələr əldə etmələri üçün seminarlar təşkil edək.

- Bildiyimizə görə, bundan əvvəl İtaliyada Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində fəaliyyətləriniz olub. Bu, indidavam edirmi?

- Hər kəs bu istiqamətdə az da olsa, görsə, təbliğat güclənər. İtaliyanın Rai, Sky News kimi kanallarında Qarabağ problemindən bəhs etmişəm. İtaliya mediasında bu mövzuda çıxışlar edirəm. Məsələn, qəzetlərdə Azərbaycanı inkişaf etmiş, dünyaya açılan ölkə kimi tanıdan məqalə yazdım. Bakıda keçirilən birinci Avropa Oyunları zamanı isə xəbərlər yazdım, sosial şəbəkələrdə davamlı şəkildə bu xəbərləri paylaşıram. Türkiyə və Azərbaycanın çatışmayan cəhəti özlərini yetərincə tanıtmamasıdır. Bu yaxınlarda Azərbaycanla bağlı Rai televiziyasına mədəni tanıtım layihəsi təqdim etmişik. Sentyabrda onun detallarını müzakirə edəcəyik. Layihə Azərbaycanın tarixi yerləri, mədəniyyəti, milli mətbəxindən bəhs edəcək. Məqsədim mədəni, idman tədbirləri keçirməkdir. Bundan başqa, Bakının görməli yerlərini çəkib Azərbaycan. Bakı yazısı ilə sosial şəbəkəyə yerləşdirirəm. Bu fotolara böyük sayda izləyici marağı var.

- İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin mədəniyyətlə bağlı başqa hansı layihələri var?

- Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində çox gözəl işlər görürlər. Artıq Azərbaycan dünyaya açılan bir məkana çevrilib. Bildiyiniz kimi, İtaliyanın incəsənəti, moda sahəsi çox məşhurdur. 70-ci illərdə başlayan İtaliya moda sənəti bu gün dünyaya hakim olub. Azərbaycanlıların da İtaliya moda sənətindən agah olmaları bu sahədə işbirliyinin daha yüksək səviyyədə təşkil edilməsinə səbəb olacaq. Məsələn, İtaliyadakı moda mütəxəssislərinin Bakıda bu sahədə çalışan gənclərlə əlaqələrini təşkil etmək yaxşı ideyadır. Düşünürəm ki, Bakıdan İtaliyaya göndərilən gənclərin məşhur brend marka şirkətlərində aldıqları təcrübə bu əlaqələrin təməli olacaq. Azərbaycanın musiqi mədəniyyəti, incəsənət, mətbəx mədəniyyəti və bir çox başqa sahələrdə öz imzası var. İtaliyanın Siciliya adasında, Palermoda Azərbaycan mədəniyyəti ilə bağlı bir tədbir keçirməyi planlaşdırırıq. Bir neçə Azərbaycan rəssamının sərgisini keçirəcəyik. Bu tədbirdə həm də Azərbaycanı tanıdan bir filmnümayiş olunacaq. Azərbaycan modelyeri Fəxriyyə Xələfovanı da İtaliyada tanınmış modelyerlərin moda həftəsinə dəvət etmişik. İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəsmi təqdimatının bir hissəsini Romada da təşkil edəcəyik. Bakıdakı mərasimdə İtaliya mədəniyyətini təqdim etdik. Romada da Azərbaycan mədəniyyətini təqdim edəcəyik. Ümid edirik ki, İtaliyanın Azərbaycandakı səfirliyi də bizə bu istiqamətdə dəstək olacaq. Azərbaycanda bizim quruma dəstək verən millət vəkilləri, nazirliklər var. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevlə görüşdə müzakirələr apardıq. O bildirdi ki, yeni layihələrinizi bizə təqdim edin. Millət vəkili Adil Əliyev bizim fəaliyyətimizə dəstək verir. Məqsədimiz birlikdə gözəl işlərə imza atmaqdır. Gözəl işlərə də heç kəs arxa çevirməz.

Mən yeni məlumat aldım ki, Bakıda gözəl Atıcılıq Mərkəzi yaradılıb. Bu sahə üzrə İtaliyada maraqlananlar çoxdur. Azərbaycanın dünyaya tanıdılasının çox tərəfləri var. Musiqi, idman, kino, müxtəlif incəsənət növlərində sərhəd yoxdur. Sərhəd olmadığı üçün mesajlar göndərmək mümkündür. Nəyə görə bu gün dünyada müharibələr olur? Siyasətə görə. İdmana, mədəniyyətə görə müharibə olurmu? Xeyr. Ona görə sənət, idman, musiqi, mədəniyyət ölkələr arasında əlaqələri, işbirliyini gücləndirəcək.

- Azərbaycan haqqında təəssüratlarınız necədir?

- Bu, Azərbaycana beşinci səfərimdir. İlk gəlişimdə, həqiqətən heyran qaldım. Azərbaycanda müasirlik və qədimlik atmosferi var. Yeni Azərbaycan, müasirmodern tikintilər fərqli izlər təqdim edir. Diqqət etdim, yollarınız geniş və təmizdir. Avropanın bir çox yerində bunu görmək olmur. Azərbaycanın bölgələri ilə hələ tanış olmadığım üçün Bakı haqqında onu deyə bilərəm ki, müasirliyi və gözəlliyi ilə Avropa şəhərləri ilə rəqabətdədir. Mənə görə, Azərbaycan xalqı bu işlərlə qürur duymalıdır. Qısa zaman ərzində çətinliklərdən, müharibədən keçərək bu günə gəldi. Bir ölkənin çətinliklərə baxmayaraq böyüməsi və inkişafı müşküldür. Ancaq mən bunu Azərbaycanda gördüm.

 

Mehparə

Mədəniyyət.-2015.- 17 iyul.- S.10.