Bəstəkar-pedaqoqun sənət yolu

 

Professional bəstəkarlıq məktəbimizin nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Kamal Əhmədov özünəməxsus üslubu ilə seçilən sənətkardır. O, musiqi yaradıcılığı ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Naxçıvan Dövlət Universitetində bəstəkarlıq kafedrasının müdiridir.

 

Kamal Əhmədov 1985-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsilini başa vurduqdan sonra Naxçıvan şəhərinə gəlmiş, burada yeni yaradılmış Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdır. Bu dövrdən orkestr üçün müxtəlif səpkili əsərlər yazmış, transkripsiyalar və işləmələr etmişdir. Orkestr onun idarəsi ilə Bakı, Sumqayıt və digər şəhərlərdə dəfələrlə müvəffəqiyyətlə konsertlər vermişdir.

K.Əhmədov rəhbərlik etdiyi bəstəkarlıq kafedrasında professional bəstəkarların yetişməsi üçün səylərini əsirgəmir. Onun yetirmələri olan gənc bəstəkarların əsərləri muxtar respublikada və Azərbaycan Bəstəkarlar İttifaqının Bakıda keçirdiyi konsertlərdə səslənir.

Çoxşaxəli yaradıcılığa malik olan bəstəkar kamera orkestri üçün Simfoniya, böyük simfonik orkestr üçün Xocalı simfoniyası, Cavid simfonik poeması, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün üçhissəli Konsertlər, qarışıq xorsimfonik orkestr üçün Ömrün Heydər zirvəsi, Azərbaycan bayrağı odaları, a kapella xor üçün Qədim Naxçıvan kantatası və s. əsərlərin müəllifidir.

Onun musiqisini obrazların əhəmiyyətinə, ciddi ideyalarına, məzmununa görə tanımaq olur. Mühüm fikirləri, dərin, ciddi hissləri bəstəkar həmişə aydın, dəqiq və inandırıcı ifadə edir. Müasir bəstəkarlıq texnikasının qayda-qanunlarından istifadə edərək yaradıcılıq imkanlarını genişləndirməyə nail olmuşdur. Müasirlik onun əsərlərinin milli ruhuna xələl gətirməmiş, xalq musiqisinin intonasiya, lad-harmonik xüsusiyyətlərini özündə ifadə edərək bəstəkarın milli professional üslubunun daha da kamilləşməsinə səbəb olmuşdur.

Cavid simfonik poeması Azərbaycanın böyük şair-dramaturqunun faciəli həyatını əks etdirir və mütəfəkkir ədibin 100 illik yubileyi münasibətilə yazılmışdır. Diplom işi kimi nəzərdə tutulan əsər əvvəlcə poema olaraq yazılmış, sonra isə yenidən redaksiya edilərək simfoniya formasına salınmışdır. Bəstəkar bu əsərdə orkestrin tembr xüsusiyyətlərindən, inkişafından bacarıqla istifadə edərək nakam şairimizin keşməkeşli, ağır taleyini göstərməyə çalışmışdır. Müəllif xalq musiqisinin elementlərindən, muğam intonasiyalarından bəhrələnərək əsərin simfonik dilini zənginləşdirmiş, milli koloritlə Avropa musiqi koloritinin sintezini yaratmışdır. Təsadüfi deyil ki, bu əsər 1988-ci ildə Ukraynanın Xalq artisti Aleksey Qulyaniskinin idarəsi ilə Krım Dövlət Filarmoniyasının orkestri tərəfindən ifa edilmişorkestrin repertuarına salınmışdır.

Musiqişünas S.Sokolik Sovetski Krım qəzetinin 1988-ci il 4 oktyabr tarixli sayında əsərin uğurlu ifası və özünəməxsus maraqlı bəstəkar manerası haqqında müsbət resenziya yazmış, müəllifi böyük istedada malik musiqiçi adlandırmışdır.

Əsər 2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 illik yubileyi münasibətilə keçirilən beynəlxalq festivalın yekun konsertində Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən böyük müvəffəqiyyətlə ifa olunmuşdur.

Bəstəkarın simfonik janrda yazılmış daha bir maraqlı əsəri olan Simfoniya musiqisevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Kamera orkestri üçün yazdığı bu üçhissəli əsər Türkiyənin istedadlı dirijoru Saim Aksilin rəhbərlik etdiyi Borusan Kamera Orkestri tərəfindən səslənmiş və kollektivin daimi repertuarına salınmışdır.

Müəllifin Cəngi əsəri 2012-ci il dekabrın 16-da Bəstəkarlar İttifaqının IX qurultayında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestri tərəfindən ifa olunmuşdur.

Gəmiqaya simfoniyası isə Ordubad rayonu ərazisində yerləşən, bəşər mədəniyyətinin ilkin çağlarından soraq verən qədim qayaüstü təsvirlərə həsr olunub. Silsiləli formada yazılan bu əsər ənənəvi simfoniya janrından fərqli olaraq özünəməxsus formadadır.

Xocalı (2014) simfoniyası bəstəkarın son dövrdə yazdığı ən böyük simfonik əsəridir. Bəstəkar Xocalı faciəsini simfonik musiqinin ifadə vasitələrindən istifadə edərək xronoloji səpkidə vermişdir. Xocalı simfoniyası birhissəli olmasına baxmayaraq, silsiləli simfoniya janrının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir.

K.Əhmədov Bəstəkarlar İttifaqının təşkil etdiyi qurultay, festivalkonfranslarda yeni əsərlərlə çıxış edir, musiqi xəzinəmizi zənginləşdirir. Bəstəkarın əsərləri ölkəmizin hüdudlarından kənarda - İranda, Türkiyədə, keçmiş SSRİ məkanında səsləndirilir, uğurla qarşılanır.

Belə tədbirlərdən biri mayın 20-də dahi bəstəkarımız Ü.Hacıbəylinin 130 illiyi münasibətilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilən konfransdır. Konfransda bəstəkarımıza ithaf olunmuş iki əsər - F.Əmirovun violin, violafortepiano üçün Poeması və K.Əhmədovun violinfortepiano üçün Kapriççiosu iştirakçılarının diqqətinə çatdırılmışdır. K.Əhmədovun beynəlxalq müsabiqə laureatları - bəstəkar və violin ifaçısı Anastasiya Vedyakovafortepiano ifaçısı Alisa Stekolşikovanın ifasında səslənən əsəri alqışlarla qarşılanmışdır.

Təqdim olunan Kapriççio 2014-cü ildə yazılmışdır. Əsər üçhissəli forma elementlərini özündə birləşdirən birhissəli pyesdir. Bəstəkar burada muğamla klassik musiqinin sintezindən istifadə edərək dahi Ü.Hacıbəylinin yaradıcılığına olan böyük rəğbətini özünəməxsus şəkildə əks etdirməyə çalışmışdır.

Bu gün ömrünün müdrik çağını yaşayan Kamal Əhmədovun yaradıcılığı, qazandığı uğurlar taleyin ona bəxş etdiyi istedadın böyüklüyünü göstərir.

 

Jalə Qulamova,

Azərbaycan Milli Konservatoriyasının dosenti

, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət.-2015.- 22 iyul.- S.11.