Xalqın yoluna düşən əbədi işıq

 

22 iyul Milli Mətbuat Günüdür. 140 yaşını qeyd edən Azərbaycan mətbuatı uzun bir yol keçib. Döngələri, enişiyoxuşu da az olmayıb.

XIX əsrin ikinci yarısında çar Rusiyasında, eləcə də Qafqazda baş verən ictimai proseslər, imperiya əsarətindəki xalqların milli şüurunun oyanması milli mətbuatın yaranması ilə paralel gedirdi. Bu işdə Azərbaycan ziyalılarının da üzərinə ciddi vəzifələr düşürdü. Görkəmli maarif xadimi, təbiətşünas alim H.Zərdabi 1872-ci ildə “Xeyriyyə cəmiyyəti” təsis etmişdi və məqsədi xalqın birliyinə, az da olsa, nail olmaq, onu təşkilatlandırmaq idi. Ancaq maarif fədaisinin bu xeyirxah planı uzun sürmədiyindən ana dilində qəzet çıxarmaq ideyasının üzərində möhkəm dayanmışdı. H.Zərdabi 1905-ci ildə “Həyat” qəzetində yazırdı: “Bizim “Cəmiyyəti-xeyriyyə” bina tutmadığından qəzet çıxarmaqdan savayı bir qeyri əlac qalmadı”.

Həmin dövrdə Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ idi. Həsən bəyə bu işdə o zaman Bakının general-qubernatoru olan D.Staroselski yaxından kömək edir. Onun həyat yoldaşı gürcü olduğu üçün Qafqaz xalqlarına qarşı çox səmimi rəftar edirmiş. O, Həsən bəyə məsləhət bilir ki, çıxaracağı qəzetin adını “Əkinçi” qoysun. Çünki dövlətdən yalnız bu yol ilə qəzet çapı üçün icazə almaq mümkün idi. Guya “Əkinçi” siyasi məsələlərə qarışmayacaq, ancaq əkinçilikdən, təsərrüfatdan yazacaq.

Azərbaycan dilində hərflər olmadığı üçün Həsən bəy çap hərfləri üçün İstanbula yollanır. Çapxana açmaqda isə yenə də D.Staroselskinin köməyinə ehtiyac olur. 1875-ci il iyulun 22-də quberniya idarəsinin mətbəəsində “Əkinçi”nin ilk nömrəsi çapdan çıxır. Qəzetin üzərində rəsmi olaraqİki həftəlik qəzet” yazılsa da, payız ayından qəzet həftədə bir dəfə çıxmağa başlayır. Həmin vaxt qəzetin abunəçilərinin sayı 400-ə çatmış və yazanları da xeyli artmışdı.

D.Staroselskinin Bakıdan getməsi qəzet üçün yaxşı heç nə vəd etmirdi. O gedəndən sonra qəzeti bağlatmağa çalışırdılar. Siyasi xəbərlər dərc edilməsinə icazə verilmədiyi üçün oxucuların da narazılığı artırdı. 1877-ci ildə başlanan rus-türk müharibəsi barədə də yazmağa icazə verilmir. Halbuki həmin dövrdə bütün rus qəzetləri müharibənin gedişi haqda məlumatlar yayırdılar. Həmin dövrdə Dağıstanda başlanan iğtişaşlar “Əkinçi”nin bağlanmasını daha da sürətləndirir. Bütün Qafqazda üsyanın qalxacağından qorxuya düşən çar hökuməti qəzeti bağlatdırır. “Əkinçi” bütün Qafqazda ilk türkdilli qəzet idi. Onun son nömrəsi 1877-ci ilin sentyabrında çapdan çıxır.

1878-ci ildə “Bakinskiye izvestiya” qəzetində belə bir elan verilmişdi: “Realnı məktəbinin müəllimi Həsən bəy Zərdabi istefaya çıxaraq yeni axtarır”. Qəzetin bağlanmasından sonra Zərdabinin həyatı çox ağır keçir. 16 il Zərdabda qaldıqdan sonra Bakıya qayıdaraq “Kaspi” qəzetində məqalələrlə çıxış edir.

“Əkinçi”nin ömrü qısa olsa da, əkdiyi maarif toxumları, yaratdığı mətbu ənənələr öz bəhrəsini verdi. 1879-cu ildə “Ziya” qəzeti dərc edildi. Həftəlik ədəbi, ictimai, siyasi qəzet olan “Ziya”nın 1879-1880-ci illərdə 76 nömrəsi işıq üzü görmüşdü. Redaktorunaşiri Səid Ünsizadə olan qəzet sonrakı illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə dərc edilmişdi. Qəzetdə maarifçi ədiblər, o cümlədən S.Ə.Şirvani, N.Vəzirov, A.Çernyayevski və başqaları çıxış edirdi.

1883-cü ildə Tiflisdə Azərbaycan dilində “Kəşkül” adlı jurnal da nəşr edilir. 1891-ci ilədək çap olunan, Azərbaycan dili ilə yanaşı, fars və ərəb dilində materialların verildiyi jurnalda ədəbiyyat, siyasət, ticarət və sənaye xəbərləri yer alırdı. Qeyd olunan bu mətbu nümunələr Tiflisdə dərc edilib Bakıda satılırdı. Araşdırıcılar qeyd edirlər ki, bütün bu qəzet və jurnalların heç biri “Əkinçi” qədər xalqa yaxın ola bilməyib...

1905-ci il inqilabınadək Bakıda dərc edilən qəzetlərdən biri də görkəmli maarif xadimi Məhəmməd ağa Şahtaxtlının redaktoru olduğu “Şərqi-rus” idi. 1903-cü ildən Tiflisdə nəşrə başlayan qəzetin redaksiyası 1904-cü ildə Bakıya köçürülür. Qəzet 1905-ci ildə fəaliyyətini dayandırır.

1876-cı ildən “Bakinskiye izvestiya” qəzeti nəşr olunurdu. Rus dilində ikinci böyük qəzet isəKaspiidi. Ədəbi-siyasi qəzetKaspiquberniya idarəsinin katibi Kuzmin tərəfindən təsis edilmişdi. XX əsrin əvvəllərində qəzet Hacı Zeynalabdin Tağıyevin dəstəyi Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunur. Qəzetdə Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, M.Şahtaxtlı məqalələrlə çıxış edirdi. Qəzetdə Azərbaycan klassik ədəbiyyatından nümunələr çap edilirdi...

140 il əvvəlƏkinçi”dən xalqımızın yoluna düşən işıq bu gün daha parlaqdır. Bu işıq bundan sonra da gələcəyimizi nura boyamaqda davam edəcək. Bütün həmkarlarımızı Milli Mətbuat Günü münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

 

Lalə Azəri

Mədəniyyət.-2015.- 22 iyul.- S.12.