Folklorşünas, epiqrafçı alim

 

Mir Bağır Mir Heydərzadənin Naxçıvanda muzey işinin təşkilində mühüm xidmətləri olub

 

Ötən yüzilliyin birinci yarısında Naxçıvanda etnoqrafik nümunələrin toplanması, arxeolojitarixi memarlıq abidələrinin tədqiqi işi geniş vüsət almışdı. Bu elmi axtarışlarda yaxından iştirak edən görkəmli ziyalılardan biri də Naxçıvan Dövlət Tarix-Etnoqrafiya Muzeyinin direktoru, folklorşünas, epiqrafçı alim Mir Bağır Mir Heydərzadə (1877-1956) olub.

Mövzu ilə bağlı araşdırma aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Ənvər Çingizoğlu bizimlə söhbətində maarifçinin ömür yoluna və fəaliyyətinə nəzər saldı.

Həmsöhbətimiz bildirdi ki, Mir Bağır Mir Heydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində dindar ailədə dünyaya göz açıb. Atası oğlunun təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Mir Bağır əvvəl Naxçıvanda molla məktəbində oxuyur. Sonra Təbrizdə mədrəsə təhsili alır və Naxçıvana qayıdır. Dini təhsil alsa da, ölkədə cərəyan edən ictimai-siyasi hadisələr onu daha çox maraqlandırır. Çox keçmir, çar üsul-idarəsinə qarşı inqilabi mübarizəyə qoşulur. Bir neçə dəfə təqib edilərək həbs olunur.

1917-1921-ci illərdə Naxçıvanın ədəbi-mədəni, ictimai-siyasi baxımdan fəal insanlarından Eynəli bəy Sultanov, Bəhram xan və Əziz xan Naxçıvanskilər, Əziz Şərif, Əli Səbri Qasımov, Behbud ağa Şahtaxtinski, Bağır Rzayev, Səməd bəy Cəmillinski, Kəlbalı xan, Kərim xan və digərləri ilə əlaqələr qurur.

Tədqiqatçı qeyd edir ki, 1917-ci ilin noyabrında Naxçıvanda Erməni Milli Komitəsi yaradılır. Məqsəd terror aktları təşkil edərək Naxçıvan əhalisi arasında pərakəndəlik salmaqyerli idarəçiliyi ələ keçirmək idi. Belə mürəkkəb şəraitdə Mir Bağır Mir Heydərzadə naxçıvanlı siyasi həmfikirləri ilə dağınıq hərbi qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edir. Nəticədə erməni quldur dəstələri məğlub edilir... Həmin dövrdə Naxçıvanda onun rəhbərliyi altında Mücəddin adlı siyasi təşkilat fəaliyyət göstərib. E.Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi görkəmli ziyalılar bu təşkilata xüsusi rəğbət bəsləyiblər.

Mir Bağır Mir Heydərzadə maarif və mədəniyyət sahəsində də Naxçıvanın demokratik ruhlu vətənpərvər ziyalıları ilə birləşir. O, tarixi abidələrin və yer adlarının öyrənilməsi, arxeoloji materialların və folklor nümunələrinin toplanıb tədqiq edilməsi ilə ciddi məşğul olub. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti Naxçıvan şöbəsinin elmi katibi, akademik İ.İ.Meşşaninov (1926), professor A.Müller (1927), Ə.Ələkbərov və O.Həbibullayevin (1951) Naxçıvan ərazisində apardıqları arxeoloji qazıntılarda fəal iştirak edib.

1924-cü ildə Naxçıvan Dövlət Tarix-Etnoqrafiya Muzeyi təşkil edilir. O, muzeyin maddi mədəniyyət nümunələri ilə zənginləşməsində yaxından iştirak edir. Bu işdə ona cəmiyyətin fəal üzvlərindən Ağa Məhəmməd (Ərbab), L.Hüseynzadə, Z.Seyidov, Ə.Mirzəyev, M.Rasizadə, Q.İmanov və başqaları köməklik göstərirlər. Muzeyin 1926-1930-cu illərdəki fəaliyyəti əsasən eksponat toplamaq işindən ibarət olub. 1930-cu ildə Mir Bağır Mir Heydərzadə muzeyə direktor təyin edilir. Eyni zamanda muzeyin adı dəyişdirilərək Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi adlandırılır.

1944-cü ilədək muzeydə çalışan epiqrafçı alim bu müddət ərzində müxtəlif elmi araşdırmalar aparıb. Onun maraqlı işlərindən biri tarixi memarlıq abidələrdə epiqrafik mətnlərin araşdırılması olub. O, Naxçıvanın orta əsrlər epiqrafik abidələrini tədqiq edərkən Qarabağlar türbəsində qoşa minarəli baş tağın kitabəsini də oxuyur. Bəlli olur ki, kitabədə ərəb dilində bu sözlər yazılıb: Allahın bu nişanəsi türkmən Quti xatındır.

Mir Bağır Mir Heydərzadə Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyan və metodlar haqqında maraqlı araşdırmaların müəllifidir. O, folklor nümunələrimizi ilk toplayıb öyrənənlərdən biri olub. Çağdaş həyata, elmdil məsələlərinə dair yazıları ilə diqqəti çəkən tədqiqatçı dövri mətbuatda ictimai quruluş və qadın azadlığı problemlərinə dair elmi, elmi-publisistik məqalələr dərc etdirib. Eyni zamanda tarix, ədəbiyyat və mədəniyyət sahələrində respublika əhəmiyyətli tədbirlərin təşkilatçısı olub.

Mir Bağır Mir Heydərzadə 10 yanvar 1956-cı ildə Naxçıvan şəhərində vəfat edib.

 

Savalan Fərəcov

Mədəniyyət.-2015.- 24 iyul.- S.11.