Azərbaycan Kinosu Günü münasibətilə premyera

 

Nizami Kino Mərkəzində keçiriləcək mərasimdə “Şəhər motivləri” almanaxı təqdim ediləcək

 

2 avqust - Azərbaycan Kinosu Günüdür. 1898-ci ilin həmin günündə Bakıda fotoqrafkinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib. “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat) adlı süjetlər Azərbaycanda kino tarixinin ilk lentləri kimi tarixə düşüb. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü elan olunub.

Hər il olduğu kimi, bu il də Azərbaycan Kinosu Günü təntənəli mərasimlə qeyd olunacaq. Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, yeni ekran əsərinin premyerası ilə yadda qalacaq.

İyulun 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində keçiriləcək mərasimdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "4.1 şəhər motivləri" adlı kinoalmanax təqdim ediləcək.

Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə "Motivlər..." adı ilə lentə alınıb.

"4.1 şəhər motivləri" almanaxına "Qonşu qadın" (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), "20-ci mərtəbə" (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), "Dmitrov küçəsi ev 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və "Zabitin şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir.

Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

 

 

Mədəniyyət.-2015.- 31 iyul.- S. 2.