Fərqli xarakterlərin mahir ifaçısı

 

Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.

 

Həqiqət Əli qızı Rzayeva 1907-ci il mayın 20-də Lənkəran şəhərində dünyaya göz açıb. O, uşaq ikən atası vəfat edir. Şaqraq səsi ilə Lənkəranda həvəskar xanəndə kimi tanınan Əlinin vaxtsız vəfatı ailəyə çətin günlər yaşadır. Üç uşaq anaları Zinyət xanımın ümidinə qalır. O, dərzilik etməklə balalarını güclə dolandırır. Günlərin bir günü həyat Həqiqətin üzünə gülür. Maarifçi Teymur bəy Bayraməlibəyovun qızı Məryəm xanım evində məktəb açır. Bu xəbər sürətlə Lənkərana yayılır. O, şəhəri ev-ev gəzərək qızları məktəbə cəlb etmək üçün valideynlərlə söhbət aparır...

Həqiqət ilk təhsilini həmin məktəbdə alır. 1923-cü ildə ali təhsil almaq məqsədilə Bakıya gəlir və Pedaqoji Texnikuma daxil olur. Burada dram dərnəyinə də yazılır. Oynadığı tamaşalarda ara-sıra muğam parçaları ifa edir. Həmin dövrdə Bakıda Damğa adlı satirik teatr açılır. Aktyorluq həvəsi onu bu teatra gətirir. Həqiqət fərqli çıxışları və aydın diksiyası ilə müəllimlərinin diqqətini çəkir.

Həqiqət Rzayeva 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsinə qəbul olunur. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimov kimi sənətkarlardan dərs alır. Bu dövrdə milli operada qadın ifaçılara böyük ehtiyac vardı. 1927-ci ilin bir payız günündə opera səhnəsində canlanma baş verir. Müslüm Maqomayevin Şah İsmayıl operasında Ərəbzəngi rolunu ilk dəfə olaraq 20 yaşlı Həqiqət xanım ifa edir.

Görkəmli ədəbiyyatşünas, akademik Rafael Hüseynov müğənninin ifaçılıq qüdrəti haqqında qeyd edir ki, ... eyni opera səhnəsində Ərəbzəngini, Leylini, Əslini, həm də Şahsənəmi ifa etmək hər ifaçıya nəsib olmur! Çünki bu ayrı-ayrı obrazlarda həm görünüşcə, həm də səs etibarilə müəyyən fərqlər var...

Araşdırmalarda göstərilir ki, Həqiqət xanım ustad sənətkar olub. O həm də pedaqoji fəaliyyət göstərib və gələcək kadrların yetişməsi üçün böyük səy göstərib. A.Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib.

1939-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü keçirilir. Mədəniyyət günlərində Arşın mal alan operasında Telli obrazını özünəməxsus şəkildə ifa edən Həqiqət xanım tanınmış tənqidçilərin, sənət adamlarının marağına səbəb olur. Sonralar dahi Üzeyir Hacıbəyli Həqiqət xanıma danışırmış ki, Arşın mal alanda Tellinin lal səhnəsinə baxan İ.Stalin belə deyib: Bax, budur aktrisa!

1946-cı ildə görkəmli sənətkarın əməyi yüksək qiymətləndirilərək Xalq artisti adına layiq görülüb. Sonrakı illərdə Şərəf nişanı ordeni və medallarla təltif olunub.

Gur və məlahətli səsə malik olan Həqiqət Rzayevanın obrazlarının hamısı tamaşaçılar tərəfindən sevilib. Xalq artisti bir neçə bədii filmə də çəkilib. Onun Ögey ana filmində yaratdığı Qəmər xala obrazı bu gün də maraqla izlənilir. Bu filmi seyr edəndə onun nəinki bir opera müğənnisi, həmçinin istedadlı kino aktrisası olduğunu görürük.

Azərbaycan xalq mahnı və muğamlarını böyük məhəbbətlə sevən və təbliğ edən görkəmli sənətkar 1969-cu il avqustun 2-də, 62 yaşında dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 15.