Kitab soraqlı bayramlar

 

Ölkəmizin şəhər və rayonlarında müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramları keçirilir.

 

Mayın 20-də B.Səfəroğlu adına Quba rayon Mədəniyyət evinin qarşısında MKS-nin təşkilatçılığı ilə kitab bayramı keçirilib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucov, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun əməkdaşı Xəyal Məmmədov ölkəmizdə, mədəniyyətin digər sahələri kimi, kitabxana işinin də inkişaf etdirilməsində ulu öndərin tarixi xidmətlərindən danışıblar. Tədbirdə müxtəlif başlıqlı stendlərdə 150 adda 1500-dən çox kitab nümayiş etdirilib.

* * *

Mayın 21-də Şirvan şəhər Mərkəzi kitabxanasının qarşısında təşkil edilən kitab bayramında MKS-nin direktoru İltifat Nəbiyev, şair-publisist Nurlan Qədimov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Sevil Əhmədova və başqaları çıxış edərək insanların dünyagörüşünün formalaşmasında kitabların rolundan söhbət açıblar. Şirvan Şəhər İqtisadiyyat və Humanitar Kolleci tələbələrinin və 21 saylı məktəbin şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.

* * *

Mayın 19-da Daşkəsən rayon mərkəzindəki Heydər Əliyev meydanında ənənəvi kitab bayramı keçirilib. MKS-nin direktoru Təyyarə Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova dövlətimiz tərəfindən kitabxanaların inkişafına göstərilən qayğıdan söz açıblar, tədbirin əhəmiyyətini vurğulayıblar. Tədbir iştirakçıları müxtəlif mövzularda kitab sərgisinə baxıblar. Bayram konsert proqramı ilə başa çatıb.

* * *

Mayın 19-da Qax şəhərindəki Heydər Əliyev adına parkda təşkil olunan kitab bayramında Mədəniyyət və Turizm Şöbəsinin müdiri N.Omarov, MKS-nin direktoru G.Əhmədova, “Kürmük nəğmələri” ədəbi birliyinin sədri A.Şahmir, rayon ziyalılarından Vaqif Musayev, şairə Solmaz Elqızı çıxış ediblər. “Kitabla dost ol, ən fəal oxucu ol!” müsabiqəsinin qaliblərinə fəxri fərmanlar təqdim olunub. 2 və 5 saylı orta məktəblərin şagirdlərinin ifasında səhnəciklər, rəqslər, Qax Kukla Teatrının tamaşasından parçalar təqdim edilib, S.Vurğun adına rayon Mədəniyyət mərkəzinin “Arzu” ansamblının ifasında musiqilər səsləndirilib.

* * *

Mayın 20-də Göyçay rayon MKS-nin təşkil etdiyi kitab bayramında direktor müavini N.Əhmədova, rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Nəriman Məlikov və başqaları çıxış ediblər. Göyçay şəhər 1, 2, 3, 4 saylı tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif şeirlər, mahnılar səslənib, səhnəciklər təqdim edilib. Sonda iştirakçılar kitab sərgisi ilə tanış olublar.

* * *

Sabirabad rayon M.Ə.Sabir adına istirahət parkında MKS-nin təşkilatçılığı ilə kitab bayramı keçirilib. Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açılıb. Müxtəlif mövzularda təşkil olunmuş sərgidə mindən artıq kitab nümayiş olunub. Şəhid Q.İsmayılov adına uşaq bağçasının körpələri ümummilli lider haqqında şeirlər söyləyiblər.

* * *

Balakən rayon MKS-də təşkil olunan kitab bayramında müxtəlif mövzularda minə yaxın ədəbiyyat nümayiş etdirilib. Fəal oxucuların əl işləri, həvəskar muzeyşünas Arif Şabanovun topladığı antik əşyalar, qədim kitab abidələri iştirakçıların marağına səbəb olub. Ümummilli lider Heydər Əliyevə həsr olunan mahnılar, şeirlər, göstərilən səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

* * *

Ağcabədi rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Mədəniyyət evində keçirilən kitab bayramında nəşr və əl işlərindən ibarət sərgilər, həmçinin ilk Avropa Oyunlarını əks etdirən fotostendlər nümayiş etdirilib. Qeyd olunub ki, kitab bizi bütün elmlərdən agah edən, insanları cəhalətdən uzaqlaşdıran, doğru yol göstərən və mənəvi cəhətdən təmizləyən bilik xəzinəsidir. Tədbir konsert proqramı ilə başa çatıb.

* * *

Goranboyda rayon Mədəniyyət evində keçirilən kitab bayramında uşaqların ifasında Dövlət himni oxunub, ulu öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib. Uşaq bağçasının fidanlarına hədiyyələr təqdim olunub. Sonda müxtəlif mövzularda kitab sərgilərinə baxış olub.

* * *

Mayın 26-da Qusar şəhər Nəriman Nərimanov adına mərkəzi parkda keçirilən kitab bayramında 245 adda 4100-dən artıq kitab sərgilənib, ümumtəhsil məktəbləri və məktəbdənkənar tədris müəssisələri kollektivlərinin əl işləri nümayiş etdirilib. MKS-nin direktoru Zahir Mustafayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov, “Sehrli dünya" uşaq jurnalının redaktoru Gülzar İbrahimova, Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova ulu öndərin Azərbaycan xalqının taleyində oynadığı misilsiz rolundan danışıblar. Tədbir bədii kompozisiya ilə davam edib.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 12.