Mehmanxanalar dərəcə sertifikatı, turizm obyektləri və şirkətləri lisenziya alıb

Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə bu müəssisələrin təsnifatını aparır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan «Hotel Stars Criteria 2010-2014»ə uyğun hazırlanmış «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə» AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

May ayında nazirlik tərəfindən 5 mehmanxanaya dərəcə sertifikatları verilib:

«Hilton Hotel Baku» (5 ulduz), «Samaxı Palace Platinum by Rixos» (5 ulduz), «Qafqaz Resort Hotel» (5 ulduz) və «Duyma» mehmanxanası (4 ulduz) - Qəbələ rayonu, «River Side» mehmanxanası (4 ulduz) - Mingəçevir.

Bununla respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.

May ayında bir sıra mehmanxanalar lisenziya alıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərindəki «Premier Expo Hotel» mehmanxanasına, Qusar şəhərindəki «MM Butik Hotel»ə, Xaçmaz rayonundakı «Bata-Bat» istirahət mərkəzinə, Şamaxıdakı «Göy qurşağı» mehmanxanasına, Novxanıdakı «Olimpik İdman və İstirahət Kompleksi»nə, Oğuz rayonundakı «LT Hotel»ə, Quba rayonundakı «Dağ havası» istirahət mərkəzinə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib.

Nazirlik həmçinin may ayında aşağıdakı şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib: «Via Group», «Smıle Travel», «Talisman Travel», «Qlobus», «Master Holding», «Pegas Tour», «L.I Travel», «Simurq S», «Su-Travel».

Qeyd edək ki, hazırda Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 328, turizm şirkətlərinin sayı isə 290-dır.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 8.