Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu

Mayın 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona müşavirəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə, Samux, Göygöl, Şəmkir, Qazax, Mingəçevir, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Yevlax, Zərdab, Ucar, Tərtər, Goranboy və Kürdəmirdə fəaliyyət göstərən 100-ə yaxın QHT nümayəndəsi və fəal gənc, təhsil və mədəniyyət işçiləri iştirak edib.

Müşavirədə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Nazirliyin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev "QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi", nazirliyin Elm sektorunun müdiri Asif Usubəliyev "Mədəniyyətin inkişafında kreativlik və əməkdaşlıq", "Gələcəyə körpü" ictimai birliyinin nümayəndəsi Cavid Kərimov “QHT-lərin dövlət qurumları ilə əməkdaşlıq istiqamətləri" mövzusunda məruzə ediblər. Məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyətcə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib ki, bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlığın yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir. Bu istiqamətdə müəyyən təhlillər və araşdırmalar aparılıb, Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən müsabiqə komissiyası yaradılıb və ilk müsabiqələr ilə bağlı elanlar verilib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-cı il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Qaliblərin seçilməsi üçün layihələr müsabiqə komissiyasına təqdim edilib. Həmçinin nazirlik tərəfindən region QHT-ləri ilə əlaqələrin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması planlaşdırılıb.

Nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev layihələrin prioritet mövzuları, təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası barədə məlumat veriblər. Müşavirədə mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə nazirlik tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq formalarının müəyyən olunması, gənclərin QHT-lərdə fəallığının artırılması, bu istiqamətdə qanunvericilik bazası, eləcə də QHT-lərin Mingəçevir və ətraf rayonlarda Avropa Oyunlarının təbliği işinə cəlb edilməsi məsələləri müzakirə olunub.

Tədbirdə "Bakı-2015" Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında iştirak edəcək idmançıların, yarışları izləyəcək qonaqların, turistlərin ölkəmizdən xoş təəssüratla ayrılması üçün lazımi işlərin görüldüyü, bu sahədə QHT nümayəndələrinin, gənclərin, mədəniyyət sahəsində çalışan insanların fəallıq nümayiş etdirməsinin vacibliyi qeyd olunub.

 

Mədəniyyət.- 2015.- 3  iyun.- S. 4.