“Nobel qardaşları və Bakı nefti”

Bakı Ekspo Mərkəzində İrina Eldarovanın sərgisi

 

İyunun 2-də Bakı Ekspo Mərkəzində “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda incəsənət sərgisi təşkil olunub. Sərgidə nümayiş olunan rəsm əsərlərinin müəllifi Azərbaycanda və Rusiyada yaxşı tanınan rəssam İrina Eldarovadır.

 

XXII Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) sərgisi çərçivəsində təqdim edilən və Nobel qardaşlarının neft şirkətinin Azərbaycanda fəaliyyətinin 136 illiyinə həsr edilən rəsm kolleksiyası “Caspian Oil and Gas” sərgisinin təşkilatçısı “Iteca Caspian” şirkətinin təşəbbüsü ilə reallaşıb. Tədbirin eksklüziv sponsoru qismində bp şirkəti çıxış edir.

Sərginin açılışında “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon qonaqları salamlayaraq rəssama və layihənin ideya rəhbərinə gül dəstələri təqdim edib.

Böyük Britaniyanın bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrell sərginin eksklüziv sponsoru olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, sərgidəki işlər Bakının ilk neft sıçrayışını əks etdirir. Məhz o vaxtlar Bakı dünyada öz nefti ilə tanınan bir məkana çevrilmişdi.

Qeyd edib ki, şirkət Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi bu ölkədə olmaqdan şərəf duyur və ölkənin inkişafının bir çox sahələrində edilən səylərə dəstək verdiyinə görə məmnundur. O, həmçinin Azərbaycanda həyata keçirdikləri layihələr haqqında məlumat verib.

Bakı Nobellər İrsi Fondunun prezidenti Toğrul Bağırov bütün dünyada tanınan Nobel ailəsinin Azərbaycana töhfələri barədə danışıb, Nobel Ailəsi Cəmiyyəti ilə çox sıx əməkdaşlıq etdiklərini vurğulayıb. Bildirib ki, bu kolleksiyanın kiçik formatda “Villa Petrolea” - Nobel qardaşlarının Bakıdakı ev-muzeyində, daha sonra isə Moskvada və Stokholmda nümayiş etdirilməsi planlaşdırılır.

Sonda rəssam İrina Eldarova sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, sərgidə rəssamın 16 əsəri yer alıb. İrina Eldarovanın bu sərgisi Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliğində daha bir mühüm aksiyaya çevrilməklə yanaşı, Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini xatırladır.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S.