Musiqişünaslığa yeni töhfə

 

Mayın 2-də Azərbaycan Milli Konservatoriyasında tanınmış musiqişünas və publisist, sənətşünaslıq doktoru Ülkər Əliyevanın “Musiqidə təsvirilik: mahiyyəti, spesifik xüsusiyyətləri və təsnifatı” adlı monoqrafiyasının təqdimatı oldu. Kitabda musiqişünaslıq ən müxtəlif incəsənət sahələri ilə vəhdətdə araşdırılır, nəzəri aspektlərdə paralellər və ümumilikdə incəsənət probleminin təhlili aparılır.

 

Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova müəllifin yeni tədqiqatından söz açaraq Almaniyada nəşr olunan kitabın “Musiqidə ixtira” beynəlxalq kataloquna daxil edilməsini elmimizin nailiyyəti kimi dəyərləndirdi. Bildirildi ki, sənətşünaslıq doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Ülkər Abdullayeva 5 kitabın, 50 elmi və 400-dən yuxarı publisistik məqalənin müəllifidir. 2005-ci ildə “İlin ən yaxşı musiqişünası” nominasiyasında Mədəniyyət Nazirliyinin diplomuna, 2007-ci ildə “Gənc alim” nominasiyasında xüsusi diploma layiq görülüb.

Kitabın məziyyətlərindən söz açan L.Hüseynova onun ümumilikdə musiqi elmi haqqında maraqlı məlumat mənbəyi olduğunu dedi: “Bu kitab bizim dünya miqyasına çıxmış, beynəlxalq müstəviyə nüfuz etməyi bacarmış musiqişünaslıq işlərimizdəndir. Almaniyada çap olunmaq hər kəsə nəsib olmur. Nəzərə alsaq ki, bu ölkə dünyanın musiqi mərkəzlərindəndir, bu mənada azərbaycanlı alimin kitabının orada nəşri həm müəllif, həm də bizim musiqişünaslıq elmi üçün fərəhli haldır”.

Sonra müəllif Ülkər Əliyeva çıxış edərək videoçarx vasitəsilə kitabı şərh etdi, onun bölmələri haqqında geniş məlumat verdi, vizual materiallar vasitəsilə kitabda yer alan nümunələrin təhlilini apardı.

O, kitabda doktorluq dissertasiyasının materiallarının yer aldığını və mövzunun Almaniyanın elmi ədəbiyyat nəşrində ixtisaslaşan tanınmış “Lambert Academic Publishing” nəşriyyatını maraqlandırdığını dedi. İncəsənət növlərinin qarşılıqlı əlaqəsi mövzusunun hazırda dünya sənətşünaslığının mühüm istiqamətlərindən sayıldığını deyən alim məhz bu nüansın alman naşirlərinin də marağını cəlb etdiyini vurğuladı.

Alman, ingilis və rus dillərində çap olunan, 8 fəsildən ibarət kitabın strukturu və məzmunu barədə ətraflı məlumat verən müəllif buradakı praktik materialların əldə olunmasının da uzun zaman tələb etdiyini bildirdi.

Təqdimat mərasimində AMEA Memarlıq və İncəsənət İnstitutunun muğamşünaslıq bölməsinin rəhbəri, sənətşünaslıq doktoru, professor Sevil Fərhadova çıxış edərək nəşrin əhəmiyyətindən və məziyyətlərindən söz açdı. Alimin doktorluq işini təkmilləşdirərək daha geniş mövzu və müstəvidə təqdimatını yüksək qiymətləndirdi.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri, beynəlxalq və respublika muğam müsabiqələrinin laureatları Azərbaycan klassik musiqi və muğamlarından parçalar, xarici əsərlərdən nümunələr səsləndirdilər.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 13.