Sabir bu gün

 

Yarım əsrdən çoxdur ki, Şamaxı şəhərində böyük satira ustadı, ölməz şairimiz Mirzə Ələkbər Sabirin ev-muzeyi fəaliyyət göstərir. Şairin 100 illiyi münasibətilə 1962-ci ildə açılan muzey Sabirsevərlərin ziyarət yerinə çevrilib. 1979-cu ildə muzeyin yerləşdiyi köhnə evin yerində ikimərtəbəli bina tikilərək istifadəyə verilib.

Muzey 7 ekspozisiya zalı və bir eyvandan ibarətdir. Burada şairin həyat və yaradıcılığını əks etdirən sənədlər, ev əşyaları, zəngin eksponatlar və özünəməxsus olan sabun tiyanı və s. nümayiş etdirilir. Muzeydə müxtəlif mərasimlər keçirilir, ictimaiyyətin bu məkanla əlaqələri diqqət mərkəzində saxlanılır.

2011-ci ildən Şamaxı şəhərində Sabirin yaradıcılığına həsr olunmuş ənənəvi bədii qiraət müsabiqəsi keçirilir. Mayın 22-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığı Müdafiə Fondunun təşkil etdiyi 5-ci bədii qiraət müsabiqəsinə yekun vuruldu. Rayon təhsil müəssisələrinin 150-dən çox şagird və tələbəsi Sabirin şeirlərini söylədi.

Xalq şairi Musa Yaqubun rəhbərlik etdiyi münsiflər heyətinin qiymətləndirməsinə görə, Aynur Hökmürəvan (şəhər 1 saylı orta məktəb) 1-ci, Əfsanə Mahmudova (Məlhəm kənd orta məktəbi) 2-ci, Türkan Razimi (Şəhriyar qəsəbə orta məktəbi) isə 3-cü yerə layiq görüldü. Bir neçə şagirdə həvəsləndirici mükafatlar verildi.

 

R.Xəlilzadə,

M.Ə.Sabirin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 12.