Avropa Oyunlarının muzey gecələri

 

İyunun 12-dən 28-dək davam edəcək Avropa Oyunlarına Bakının muzeyləri də xüsusi hazırlaşıblar. Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Muzey Mərkəzi bu müddətdə ölkəmizə gələcək qonaqlara, eləcə də paytaxt sakinlərinə maraqlı proqramlar təqdim edəcəklər. Avropa Oyunları ilə bağlı muzeylərin bir çoxu gecə saat 00.00-dək işləyəcək. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi də iyunun 1-dən ikinövbəli iş rejiminə keçib. Muzeydən bildiriblər ki, ziyarətçilər Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyası ilə maraqlanır və ekspozisiyada nümayiş etdirilən arxeoloji, etnoqrafik materiallarla, eksponatlarla yaxından tanış olurlar. Onlara Azərbaycan, rus və ingilis dillərində xidmət göstərilir. Qonaqlar həmçinin burada muzeyin nəşrləri olan bələdçi kitabları, kataloqlar və zallarda quraşdırılmış monitorlar vasitəsi ilə ətraflı məlumatlar əldə edə bilirlər. Muzeydə bəzi maraqlı eksponatların mulyajı hazırlanaraq satışa qoyulub.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 9.