Bakı Avropanın idman paytaxtı olacaq

 

Avropa Oyunları ölkəmizdə turizmin inkişafına təkan verəcək

 

Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizdə turizmin inkişafına mühüm təkan verəcək. Bunu qəzetimizə açıqlamasında «Millennium Tourism & Congress» şirkətinin baş direktoru Ruslan Quliyev bildirdi. Onun sözlərinə görə, ilk növbədə Avropa Oyunları məşəlinin bölgələr üzrə səyahəti Azərbaycanın turizm zonası olaraq tanıdılmasında böyük əhəmiyyət kəsb edir: «Avropa Oyunları ilə bağlı həyata keçirilən infrastruktur layihələri də turizm sektoruna əhəmiyyətli təsir edəcək. Yol infrastrukturunun yenidən qurulması, əyləncə və istirahət mərkəzlərinin canlanması, idman arenalarının istifadəyə verilməsi ümumilikdə Azərbaycanda alternativ turizmin inkişafına təkan olacaq”.

Şirkət rəhbəri bildirdi ki, Oyunlar keçirildiyi günlərdə Bakı Avropanın idman paytaxtı olacaq: “Çünki ölkəmiz bu yarışlara olduqca böyük önəm verərək, ciddi hazırlaşıb. Artıq bu sahədə Azərbaycan modeli formalaşıb. Gələcəkdə də biz bu cür nüfuzlu tədbirlərin ev sahibinə çevrilə bilərik. Bir faktı da diqqətinizə çatdırım ki, əgər 10 il öncə xaricdə keçirilən turizm sərgilərində ziyarətçilər ölkəmizi təmsil edən stendlərə baxaraq, Azərbaycanın hansı coğrafi məkanda yerləşdiyi barədə düşünürdülərsə, indi vəziyyət dəyişib. Ölkəmizin adı çəkiləndə hamı bizi təbəssümlə qarşılayır. Xüsusilə «Eurovision» musiqi yarışmasından sonra turizm sahəsində yeniliklər baş verib. Hesab edirəm ki, Azərbaycanın əlverişli coğrafi şəraiti, iqlim müxtəlifliyi ilə bərabər, belə möhtəşəm tədbirlərə ev sahibliyi etməsi də imkan verəcək ki, ölkəmizdə dünyada mövcud olan bir çox turizm növləri inkişaf etsin”.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 7.