Avropa Oyunları və turizm sektoru

 

Oyunlar müddətində Bakıdakı hotellərdə qonaqlara «Azerbaijan breakfast» brendli səhər yeməyi təklif olunacaq

 

Turizm üzrə Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan turizm və səyahətlər sahəsində rəqabət qabiliyyətlilik indeksinə görə 140 ölkə arasında 78-ci yeri tutur. 2011-ci illə müqayisədə Azərbaycan reytinq pilləsində mövqeyini yaxşılaşdıraraq 83-cü yerdən 78-ci yerə qalxıb. Hesabata əsasən, Azərbaycan turizm və səyahətlərin normativ-hüquqi bazasının təşkili göstəricilərinə görə 46-cı, biznes mühiti və infrastruktur sahəsində 87-ci, insan resurslarına, mədəniyyət və təbii resurslara görə 96-cı yerdədir.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirərkən deyib ki, elə istiqamətlər var ki, onlarda geriləmə müşahidə olunur. Amma bu, Azərbaycandan asılı deyil: «Məsələn, ötən il ölkəyə gələn turistlərin sayında azalma olub. Bunun əsas səbəbi qonşu ölkələrdə, o cümlədən Rusiya və İranda iqtisadi baxımdan baş verən proseslərdir ki, bu da həmin ölkələrin vətəndaşlarının səyahət imkanlarını məhdudlaşdırıb”.

Nazir bildirib ki, 2014-cü ildə Azərbaycanın ümumi daxili məhsulunda turizmin payı 4,11 faiz təşkil edib. 2013-cü ildə isə bu rəqəm 3,16 faiz olub: «Ümumilikdə, enerji, neft və qaz emalı ilə məşğul olan ölkələrdə bu rəqəm 2 faizdən yuxarı olmur. ÜDM-də turizm sənayesinin 4,11 faiz təşkil etməsi o deməkdir ki, bu sahə artıq iqtisadiyyatın inkişafında özünəməxsus rol oynayır».

Nazir Avropa Oyunları ilə bağlı hazırlıqlardan da danışıb. Onun sözlərinə görə, Bakıdakı mehmanxanaların 95 faizdən çoxu lisenziyalaşdırılıb: “Hər yay turizm mövsümündə olduğu kimi, iyul ayında mehmanxana və mehmanxana tipli yerləşdirmə yerlərində monitorinq qrupu tərəfindən monitorinqlər həyata keçiriləcək».

Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə «Azerbaijan breakfast» adlı səhər yeməyi brendinin Müəllif Hüquqları Agentliyi tərəfindən lisenziya alması barədə də məlumat verib. Bildirib ki, layihənin məqsədi milli səhər yeməyi növlərinin ayrı-ayrı elementlərinin beynəlxalq kulinariya və iaşə xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi mədəni irs nümunəsi kimi təqdim olunmasıdır. «Azerbaijan breakfast» Avropa Oyunları müddətində Bakıdakı hotellərdə qonaqlara təklif olunacaq. Avropa Oyunlarından sonra isə layihə daha da genişləndiriləcək. Bunun bir ticarət nişanı kimi gələcəkdə «AB» abreviaturası kimi tanınması və təbliğ olunması nəzərdə tutulur.

Nazir deyib ki, Avropa Oyunlarına gələcək qonaqları zəngin mədəniyyət proqramı gözləyir. Bakının bütün teatrlarında, muzeylərdə, konsert mərkəzlərində xüsusi tədbirlər həyata keçirilir. Oyunların reallaşdırılacağı müddət üçün həmin obyektlərdə uzadılmış iş rejimi tətbiq olunacaq: «Biz çalışırıq ki, ölkəmizə gələn həm idmançılar, həm də qonaqlar Azərbaycan mədəniyyətinin zənginliyi ilə tanış olsunlar. Bundan əlavə, beynəlxalq miqyasda tanınan bir neçə musiqiçi Avropa Oyunlarının davam etdiyi günlərdə Azərbaycana təşrif buyuracaq, burada onların konsertləri təşkil olunacaq».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 5 iyun.-7.