Üzeyir Hacıbəyli və onu sevənlər

 

İyunun 4-də Üzeyir Hacıbəylinin ev-muzeyində “Üzeyir Hacıbəyli və onu sevənlər” mövzusunda tədbir keçirildi. Muzeyin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq bildirdi ki, bu il dahi bəstəkarımızın anadan olmasının 130 ili tamam olur. Bu münasibətlə silsilə tədbirlər təşkil olunacaq. Qeyd edildi ki, dahi bəstəkar haqqında maraqlı fikirlər söyləyən ziyalılarımız çox olub. Bugünkü tədbirin qonağı həmin ziyalılarımızdan biri, akademik Telman Əliyevdir.

Telman Əliyev çıxış edərək bildirdi ki, Üzeyir Hacıbəyli elə dahi sənətkardır ki, onu hər kəs tam dərk edə bilməz: “Ötən əsrin ikinci yarısı idi. SSRİ Xalq artisti Fikrət Əmirovla görüş keçirilirdi. O, çıxışında Üzeyir Hacıbəylidən bəhs etdi. Bildirdi ki, Üzeyir Hacıbəyliyə nə qədər dahi desək, yenə də azdır. Çünki onun gördüyü işi heç bir dahi təkbaşına görə bilməz. Ona xalq demək çox düzgün olardı. Çünki onun gördükləri işi ancaq və ancaq xalq görə bilər. Böyük bəstəkarımız Qara Qarayev də Üzeyir Hacıbəyli haqqında çox maraqlı fikir söyləyib. Bildirib ki, üslubunu hər zaman dəyişə bilən sənətkar əsl sənətkardır. Üzeyir bəy də hər zaman üslubunu dəyişə bilən sənətkar idi”.

T.Əliyev qeyd etdi ki, Allah Üzeyir bəyə nə qədər istedad vermişdisə, bir o qədər də səxavət vermişdi...

Bakı Dövlət Universitetinin baş müəllimi Fuad Qurbanov bildirdi ki, bizi birləşdirən mədəniyyətimizdir. Mədəniyyəti dəyərləndirən və onu insanların qəlbində ucaldan insanlardan biri də Telman Əliyevdir: “O, dəqiq elmlər üzrə alim olsa da, mədəniyyətə, xüsusilə musiqiyə çox bağlı bir insandır. Sözün həqiqi mənasında, Üzeyir Hacıbəylini özü qədər sevir”.

Daha sonra BDU-nun professoru Əziz Məmmədov, musiqişünas Əminə Tuncay və başqaları çıxış edərək Üzeyir Hacıbəyli və Telman Əliyev haqqında fikirlərini bölüşdülər.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 4.