Xalq artisti Ağakişi Kazımov 80 illiyi münasibətilə mükafatlandırılıb

Teatr sənəti sahəsində xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə Xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

A.Kazımov 1935-ci il iyunun 28-də anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyoru fakültəsində və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Gənc Tamaşaçılar Teatrında səhnə əsərlərinə quruluş verib. Qazandığı sənət uğurlarına görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artistinin 80 illik yubiley gecəsi oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 4.