“Multikulturalizm insanları gələcəyə aparan əsas amil olmalıdır”

 

Mayk Hardi 1995-ci ildən Britaniya Şurasında (British Council) mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı proqramlara məsul rəhbər kimi fəaliyyət göstərir. Azərbaycan hökuməti tərəfindən 2013-cü ildə keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu üçün xüsusi məsləhətçi olaraq dəvət edilib. 2014-cü ildən Böyük Britaniyanın Koventri Universitetində İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktorudur. Bu yaxınlarda (18-19 may) keçirilən III Foruma isə o, tədbirin elmi tədqiqat mərkəzinin rəhbəri kimi qatılmışdı. Professor Hardi bizi maraqlandıran sualları cavablandırdı.

 

- “Bakı prosesi”nə cəlb olunmağınızda məqsəd nə idi?

- Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ildə məni “Bakı prosesi”ndə, II Foruma hazırlıq işində iştirak etmək üçün dəvət etdi. Onu da deyim ki, Forumun prinsipləri mənim icraçı katibi olduğum İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin funksiyasına bənzəyir. Orada çalışan akademiklər elə mədəniyyətlərarası dialoqa oxşar məsələlərlə bağlı tədqiqatlar aparırlar. Fəaliyyətə başladıqdan sonra 2013-cü ildə keçirilən Forumun dəyərləndirilməsini apardıq. Avropada yaşayan insanlar arasında yazılı sorğu keçirdik və bununla da tədbirin effektivliyini təyin etdik. Əldə olunan nəticələr bu il III Foruma hazırlıq zamanı nəzərə alındı.

- Necə düşünürsünüz, Bakı Forumunun müasir dünya üçün aktuallığı nədən ibarətdir?

- Mədəniyyətlərarası Dialoq Forumu çox əhəmiyyətli bir təşəbbüsdür. Azərbaycan Prezidenti İlham Əliyev budəfəki Forumda çıxışı zamanı müasir dünya üçün multikultural cəmiyyətin vacibliyini bir daha vurğuladı. Bəzən biz başqa mədəniyyətlərlə birlikdə yaşamağı çox çətinliklə dəyərləndiririk. Bakı Forumu cəmiyyətdəki müxtəlifliyi müzakirə etmək üçün insanları bir araya gətirir.

Burada biz insanların müxtəliflikdə necə yaşaya bilmələrinə yardım etməklə bağlı debatlar aparırıq. Təhsil, media, bir-birimizə inam vasitəsilə bunun mümkünlüyünü vurğulayırıq. Gənclərin medianın müsbət və mənfi tərəflərinə inanmaları və bu istiqamətdə onlara yardım etmək də müzakirə mövzusu idi.

- Artıq ikinci dəfədir ki, Bakı Forumunda iştirak edirsiniz. Tədbirlər bitdikdən sonra analiz xarakterli yazılar hazırlayırsınızmı?

- Forumun nəticələri haqqında məruzə hazırlayacağam. Burada aktual məsələlər, baxışlar, fikirlər və siyasi manevrlər öz əksini tapacaq. Beləliklə, daha yeni strategiya qurmağa, yeni yollar tapmağa çalışacağıq. Həmçinin iştirakçılarla Forumun mahiyyəti haqqında apardığımız sorğunu təhlil edəcəyik. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə problemsiz yaşayırlar. Biz Azərbaycanda əldə etdiyimiz pozitiv təcrübəni dünyanın bu sahədə örnəyə ehtiyac olan ölkələrinə apara bilərik. Düşünürəm ki, rastlaşdığımız problemlərin çoxu müasir dünyada hərəkətdədir. Çünki dünya sürətlə inkişaf edir. Bu gün yaşlı insanlarla smartfonlar, internet haqqında danışsanız görərsiniz ki, onlar bu haqda o qədər də məlumatlı deyillər. İnsanlar həm də bu sürətli inkişafı olan müasir dünyadan narahat olmalıdırlar.

Düşünürəm ki, indiki dünyada daha çox sülhü təbliğ etmək lazımdır. Bu gün, Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla, istər Şərqdə, istərsə də Avropada çoxlu münaqişələr yaşanır. Bizim sülh sahəsində çalışan institutumuz var. Məsələn, Ermənistan-Azərbaycan problemini necə həll etmək olar? Bu, böyük problemdir və burada beynəlxalq təcrübə, vasitəçilik vacibdir. Avropada Fransa və Almaniya arasında uzun illər yaşanan münaqişə Avropa İttifaqı vasitəsilə həll olundu. İndi onlar eyni ittifaqın üzvləridir. Siz də bu vəziyyəti dəyişə bilərsiniz. Biz praktik həll yollarını inkişaf etdirməliyik.

- Forumun işini daha da intensivləşdirmək və faydalı etmək üçün hansı yeni addımlar atılmalıdır?

- Biz Forumun konsepsiyasını inkişaf etdirməliyik. Məsələn, budəfəki tədbir çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və s. mövzularda müzakirələr təqdirəlayiq idi. Fürsətdən istifadə edərək Forumun artıq 3-cü dəfə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə bir daha təşəkkürümü bildirirəm. İlk Forumdan keçən müddət ərzində Azərbaycan bu missiyanı uğurla yerinə yetirir. Səslənən fikir və rəylərin mədəniyyətlərarası dialoq istiqamətində işlərə töhfəsini verəcəyinə əminəm. Multikulturalizm insanları gələcəyə doğru aparan əsas amil olmalıdır. Birgə yaşamaq və paylaşmaq anlayışından danışırıqsa, o zaman birgə tərəfdaşlıq çox vacibdir.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 10.