“Yazıçılarımızı dünyaya tanıdaq”

 

I Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "XAN" nəşriyyatında "Yazıçılarımızı dünyaya tanıdaq" adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib. Layihənin hazırlanmasında "Hədəf Nəşrləri"nin mütəxəssisləri də yaxından iştirak ediblər. Kitabda Azərbaycan ədiblərinin həyat və yaradıcılığı haqqında məlumat verilir, onların əsərlərindən nümunələr təqdim edilir.

İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Məhəmmədhüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri yer alıb.

Nəfis tərtibatda çap edilən 20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəst Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yolunda xüsusi əhəmiyyətə malikdir. Layihənin əsas məqsədi I Avropa Oyunları çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır.

Layihənin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Ön sözün müəllifi AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru Nərgiz Cabbarlı, layihənin dizayneri Teymur Fərzidir. Layihənin təqdimatı üçün "Azerbaijani Literature" adlı qısa film hazırlanır.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 9.