Bakı Turizm Peşə Məktəbindən 387 nəfər məzun olub

 

Məktəb turizm və xidmət sektoru üçün on ixtisas üzrə kadrlar hazırlayır

 

Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində imtahanlar yekunlaşıb. Bu il məktəbi 12 ixtisas üzrə 387 nəfər bitirib. Onlardan 258 nəfəri ödənişli, 129 nəfəri isə dövlət hesabına təhsil alıb.

 

Məktəbin tədris-istehsalat işləri üzrə direktor müavini Cəmaləddin Axundov qəzetimizə açıqlamasında bildirdi ki, imtahanlar Azərbaycan Turizm və Menecment Universitetində tətbiq olunan qaydalar əsasında keçirilir: «Məktəbdə təhsil alanlar fevral ayında ingilis dilindən, ixtisasdan və İKT-dən imtahan verdikdən sonra müxtəlif hotellərə, iaşə müəssisələrinə və turizm şirkətlərinə 3 aylıq istehsalat təcrübəsinə göndərilir. Bu il Avropa Oyunları ilə əlaqədar istehsalat təcrübəmiz tez yekunlaşdı. Uşaqlar mayın 18-dən 22-dək sınaq-istehsalat işlərini təhvil verdilər, 25-dən 29-dək isə Turizm və Menecment Universiteti mütəxəssislərinin iştirakı ilə dövlət sınaq imtahanları keçirildi».

Direktor müavini məktəbin bir çox şirkətlərlə əməkdaşlıq etdiyini də diqqətə çatdırdı. Bu əməkdaşlıq məktəbin məzunlarının işlə təmin olunmasına kömək edir: «Avropa Oyunlarına hazırlıq məqsədilə «Sky Catering» şirkətinin mütəxəssisləri məktəbimizin şagirdlərinə bir neçə aylıq kurs keçdilər. Bu şirkətlə bir neçə ildir əməkdaşlıq edirik. «Sky Catering» Avropa Oyunlarında yeməklərin təqdim edilməsi üzrə tenderdə qalib gəlib. Şagirdlərimiz hər tədris ilinin sonunda bu şirkətdə istehsalat təcrübəsi keçirlər. Budəfəki kursların əsas məqsədi isə Avropa Oyunları ilə bağlı şagirdlərin hazırlığı idi. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar da təqdim edildi. May ayının əvvəlindən şagirdlər «Sky Catering» şirkətinin formasını geyinib hava limanında, yarışların keçiriləcəyi arenalarda şəhərimizin qonaqlarına xidmət göstərirlər. Çalışdıqları müddət üçün şirkət tərəfindən şagirdlərə məvacib də ödənilir. Bundan əlavə, fəal, öz işini yüksək səviyyədə yerinə yetirən şagirdlər «Sky Catering» şirkətinin ofislərində daimi işlə təmin olunurlar».

Bakı Turizm Peşə Məktəbi Milli Kulinariya Mərkəzi ilə də sıx əməkdaşlıq edir. Həmsöhbətimiz qeyd etdi ki, məktəb bu yaxınlarda mərkəzin keçirdiyi tort festivalında iştirak edib: «Belə tədbirlərdə iştirak etməklə məzunlarımızın işlə təminatını asanlaşdırmış oluruq. Hər zaman şagirdlərə tövsiyə edirik ki, istehsalat təcrübəsində özlərini mümkün qədər məsuliyyətli, bacarıqlı göstərsinlər. Çünki əksər hallarda onlar elə təcrübə keçdikləri müəssisələrdə də qalıb işləyirlər».

Cəmaləddin Axundov artıq yeni tədris ili üçün şagird qəbulunun elan edildiyini də diqqətə çatdırdı. Bakı Turizm Peşə Məktəbi Azərbaycanda turizm və digər xidmət sahələrini peşəkar kadrlarla təmin etmək məqsədilə turizm agenti, mehmanxana qeydiyyatçısı, bələdçi, kompüter operatoru, aşpaz, qənnadıçı-şirniyyatçı, ofisiant-barmen, mühasib, əməliyyatçı-mühasib və bərbər ixtisasları üzrə şagird qəbulu həyata keçirir. Məktəbə 9 və 11-ci sinifləri bitirmiş şəxslər qəbul edilir. Dərslər Azərbaycan və rus dillərində aparılır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 6.