Moskvada Azərbaycan musiqiçisinin müəllif layihəsinə yekun vurulub

 

Moskva Dövlət Konservatoriyasında Çaykovski-irs beynəlxalq müsabiqə-festivalı çərçivəsində Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı mövzusunda beynəlxalq elmi-ifaçılıq konfransı keçirilib.

Layihənin müəllifi və konfransın rəyasət heyətinin sədri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, elmi-eksperimental orta ixtisas musiqi məktəb-studiyasının yaradıcısı və direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Tərlan Seyidovdur.

Elmi-ifaçılıq konfransı P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının İfaçı Musiqiçilər Assosiasiyası və Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə keçirilib. Heydər Əliyev Fondunun Rusiya Federasiyasında nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyi beynəlxalq elmi foruma dəstək verib. Konfransda Rusiya, Ukrayna, Yaponiya, Azərbaycan, Türkiyə, Türkmənistan təmsil olunub. İştirakçılar məktəbli və tələbələrdən aspirant, müəllim, dosent və professorlaradək geniş dairəni əhatə edib.

Layihənin müəllifi, professor Tərlan Seyidov bildirib ki, elmi-ifaçılıq konfransının ideyası və müsabiqələr tədris prosesinin təkmilləşməsinə yeni imkanlar yaradır. Hər əsər nəinki təhlilə cəlb olunur, həm də ifa edilir. Beləliklə, nəzəriyyə və ifaçılıq təcrübəsi arasında üzvi əlaqə kimi mühüm məsələ həllini tapır.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Tərlan Seyidovun müəllif layihəsinin icrası ideyasını dəstəkləyib. P.İ.Çaykovski adına Rusiya Milli Mədəniyyətə Dəstək Fondunun sədri Dmitri Qalixin belə tədbirlərin Bolqarıstan, Albaniya və digər ölkələrdə keçiriləcəyini bildirib.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 5.